Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin “Ulusal Kanal TV” İdarə Heyətinin sədri Adnan Türkkanı və telekanalın Ankara təmsilçisi Arzu Əliyeva, TRT “Azebaycan rüzgarı” proqramı və layihəsinin rəhbəri Səidə Ömərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyədə media sahəsində tanınan, vətənpərvərlik, tarix, mədəniyyət mövzularına daha çox önəm verən və bu istiqamətdə layihələr həyata keçirən “Ulusal Kanal TV” ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq, Azərbaycan həqiqətlərinin yayılması, milli mədəniyyətimizin təbliği ilə bağlı birgə layihələri müzakirə edilib.
İlkin olaraq Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, Türk dünyasının ortaq dəyərləri, Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı verilişlərin, görüşlərin hazırlanması, bu istiqamətdə sənədli materiallar, filmlərin nümayişi və birgə layihələrin reallaşdırılması razılaşdırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara