Lənkəranın Heydər Əliyev mərkəzində Şəhər Dövlət Dram Teatrında çalışmış görkəmli aktyor, Əməkdar artist Təvəkkül Əliyevin xatirə gecəsi keçirilib. Gecədə ziyalılar, mərhum aktyorun sənət dostları və ailə üzvləri iştirak ediblər.
“Teatrımızın dostları” Könüllülər Klubunun “Kimlər gəldi, kimlər getdi…” layihəsi çərçivəsində təşkil olunan gecədə cıxış edənlər Təvəkkül Əliyevlə bağlı xatirələrini çoxsaylı tamaşaçılarla bölüşüblər.
Təvəkkül Əliyev 1951-ci ilin avqustun 21-də Neftçalada anadan olub. O, 1973-cü ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun “Yaxşı adam” pyesindəki Azər obrazı olub. Daha sonra o, Nəbi Xəzrinin “Sən yanmasan”, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”, Nazim Hikmətin “Bayramın birinci günü”, Anton Çexovun “Yubiley”, Mirzə İbrahimovun “Kəndçi qızı”, M.Musiyenkonun “Nəsillər, eşidin!”, Uilyam Şekspirin “Qış nağılı”, Hüseyn Cavidin “Topal Teymur”, Səməd Vurğunun “Fərhad və Şirin”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” və digər əsərlərdə yadda qalan obrazlar yaradıb. İstedadlı aktyorun səhnədə canlandırdığı Eldar, Nicat, Şadibəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi rolları çeşidli xarakterləri və özəl təqdimatları ilə seçilib.
Sənətkar kino sahəsində də maraqlı obrazlar yaradıb. “Azadlıq şirin sözdür”, “Aktrisanın təbəssümü”, “Bığ əhvalatı”, “Yanmış körpülər”, “Cavad xan”. “Onun ürəyi”, “Həyat çiçəyi”, “Bağışla, gələ bilmədim”, “Brat Li”, “Əli və Nino” kimi tammetrajlı bədii, sənədli filmlərdə, seriallarda oynayıb. O, səhnə fəaliyyəti ilə yanaşı, rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edib. Təvəkkül Əliyev Əməkdar artist fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib. Tanınmış aktyor Təvəkkül Əliyev 2017-ci ildə vəfat edib. Xatirə gecəsində Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, teatrın direktoru, Əməkdar mədəniyyət ișçisi, Da ğıstanın Əməkdar artisti Laləzar Hüseynova, Xalq artisti Qabil Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundov, Dağıstanın Əməkdar artisti, müğənni Əliyar Hüseynov, aktyorlar Qızılgül Quliyeva, Əbülfəz Axundov, Allahverən Babayev AYB üzvü, şair Ziyafət Əkbərov, musiqişünas Fikrət Kərimli, el sənətkarı İmamverdi Ağayev və başqaları çıxış ediblər.
Qeyd edək ki, unudulmaz aktyor uzun illər birlikdə çalışdığı Xalq artisti, fərdi təqaüdçü Böyükxanım Əliyevanın həyat yoldaşı idi. Elə xatirə gecəsindəki çıxışında aktrisa onunla bağlı kövrək xatirələrini də dilə gətirib, tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib.