Gəncə keramikası haqqında sanballı əsər

post-img

Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyində dövlət və hökumət rəsmilərinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə  “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabı təqdim olunub.    
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı  bildirib ki, yeni nəşr muzeyin Arxeologiya fondunda qorunan şirli keramika kolleksiyasının illüstrasiyalı albomla müşayiət olunan ilk kompleks tədqiqatıdır. Kolleksiya, əsasən, tanınmış  arxeoloq İshaq Cəfərzadənin 1938–1940-cı illərdə Gəncə şəhər ərazisində apardığı  qazıntılarda tapılan arxeoloji materiallardan ibarətdir. Kitab Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə hazırlanıb. Azərbaycan və Özbəkistan mütəxəssislərinin həyata keçirdikləri “Gəncənin IX–XV əsrlər şirli keramikası” adlı layihə barədə məlumat verən alim nümunələrin dövrlər üzrə qruplaşdırıldığını, təsvir və ölçülərinin götürüldüyünü söyləyib. O, həmçinin muzeyin Bərpa laboratoriyasında şirli keramikanın restavrasiyası və konservasiyası üzrə nəzəri və təcrübi məşğələlərin həyata keçirildiyini diqqətə çatdıraraq deyib ki, müştərək beynəlxalq əməkdaşlığın nəticəsi kimi ərsəyə gələn kitab mühüm mənbə rolunu oynayır,   Gəncə şirli keramika məktəbinin mövcudluğunu isbat edir.
Kitabın müəllifləri Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix elmləri doktoru Tarix Dostiyev və Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aysulu İsgəndərovadır. Toplu onların yorulmaz səyləri sayəsində araya-ərsəyə gəlib.   Kitabda Gəncə şəhərinin orta əsr dövründəki keramika sənəti incəlikləri və bu sənətin regionun mədəni inkişafındakı rolu ətraflı işıqlandırılıb. Rus və ingilis dillərində nəfis şəkildə çapdan çıxmış əsərdə yer alan arxeoloji mənbələr, elmi araşdırmalar türk xalqlarının qırılmaz bağlara malik ortaq mədəniyyətinə sahib olduqları isbatlanıb. Müəlliflər türk dünyasının xüsusiyyətlərini dolğun məlumatlar əsasında əks etdirməklə türklüyün bütövlük gerçəkliyini göstərməyə   nail olublar. Şirli keramikanın analizi aparılarkən müqayisəli material kimi Azərbaycan, Mərkəzi Asiya, İran və digər orta əsr şəhərlərində tapılan, bədii-texnoloji baxımdan Gəncə kolleksiyası ilə oxşar cəhətləri olan nümunələr də sərf-nəzər edilib.   
Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdirləri – professor Qafar Cəbiyev və dosent Bəhlul İbrahimli də yeni kitabın elmi məziyyətlərini yüksək dəyərləndiriblər. İctimaiyyəti maarifləndirmək, Türk dünyasının maddi-mədəni dəyərlərini yeni nəsillərə aşılamaq baxımından əsərin əhəmiyyəti qeyd olunub.
Nəhayət qeyd edək ki, “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabının elmi redaktorları akademiklər Nailə Vəlixanlı və Şahin Mustafayevdir.

Ə.ƏLİYEV  
XQ

Mədəniyyət