Görkəmli rejissorun xatirə gecəsi

post-img

Kamil Rüstəmbəyov – 100

Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə görkəmli kinorejissor Kamil Rüstəmbəyovun anadan olmasının 100 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

Onun adı gələndə, ilk növbədə, quruluş verdiyi və milli kino sənayemizdə trendə çevrilmiş “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (Şamil Mahmudbəyovla birgə), “Gözlə məni” bədii filmləri yada düşür. Sevə-sevə baxdığımız bütün bu filmlər sovet dövründə ümumittifaq ekranında da göstərilərək böyük maraq doğurub. Onu da xatırlayırıq ki, “Axırıncı aşırım” kinoromanı 1972-ci ildə Tbilisidə keçirilən V kinofestivalda nümayiş etdirilib, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə ­mükafata layiq görülüblər. Milli televiziyamızın ilk günündən orada çalışmış Kamil Rüstəmbəyov 1960-cı ildə bir ilk olaraq, şair Səməd Vurğunun “Aygün” poemasının motivləri əsasında eyni adlı tammetrajlı bədii filmin ssenarisini yazıb və quruluşunu verib. 

Film Fondunda keçirilən yubiley gecəsi çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi açılıb. Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev mərhum yubilyarın şəxsiyyəti, yaradıcılığı haqqında məşhur kino və televiziya xadimlərinin vaxtilə səsləndirdikləri fikirləri bir daha iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilib ki, bir neçə gün öncə Dövlət Film Fondu, Kinematoqrafçılar İttifaqı, C.Cabbarlı adına “Azərbaycanfilm” ­kino­studiyası və Kinorejissorlar Gildiyasının nümayəndələri, tanınmış mədəniyyət xadimləri sənətkarın məzarını ziyarət ediblər.

Sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim ­Balayev, Xalq artistləri Əbdül Mahmudov, Ramiz Həsənoğlu, Əməkdar incəsənət ­xadimləri Ayaz Salayev, Oqtay Babazadə və Əməkdar artist Əliqulu Səmədov tanınmış rejissor haqqında xatirə və düşüncələrini bölüşüblər.

Yubiley gecəsində unudulmaz sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx və rejissorun çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunub.

XQ 

 



Mədəniyyət