Bu yaxınlarda internet səhifələrində “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın böyük Füzuliyə həsr olunmuş “Bən türkzəbandan iltifat eyləmə kəm” adlı gözəl bir məqaləsini oxudum. Yazı, həqiqətən də, öz elmiliyi və informasiya bolluğu ilə diqqətimi çəkdi.
Məqalədə digər elmi məlumatlar və faktlarla yanaşı, Füzulinin məqbərəsi ilə bağlı verilən məlumatlar da olduqca maraqlı idi. Belə ki, Azər Turan görkəmli türk alimləri Nihad Sami Banarlı, Mehmet Fuad Köprülü və Əbdülqadir Qaraxana, əsasən, Füzulinin vaxtilə Kərbəlada, İmam Hüseyn məqbərəsinin yanında mövcud olmuş məqbərəsindən də bəhs etmişdir.
Həmin sətirləri oxuyanda sonralar sökülmüş bu məqbərinin məndə 2 şəklinin olduğu yadıma düşdü. Belə ki, mənim dayım – əvvəl Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi, sonra ilahiyyat fakültəsində dillər kafedrasının müdiri olmuş filologiya üzrə fəlsəfə doktorü, dosent Malik Qarayev (1939–2008) 1970-ci illərin əvvəllərində İraqda tərcüməçi işləyərkən Füzuli məqbərəsinin şəkillərini çəkmişdir.
Fotoların birində məqbərənin önündə Malik müəllimin ailə üzvləri və səfirliyin azərbaycanlı əməkdaşları, digərində isə, onun xatirələrinə görə, məqbərənin baxıcısı təsvir olunmuşdur. Məqbərə bir qədər sonra sökülmüşdür. Füzulinin 530 illik yubileyi keçirilən vaxt, “Xalq qəzeti”nə təqdim etdiyim bu nadir şəkillər füzulişünaslıq gərəkli mənbədir.
Tərlan QULİYEV,
filologiya elmləri doktoru, professor