“Dünyanı dərk edilən gözəllik xilas edəcək”

post-img

Rəssam və ictimai xadim Nikolay Rerixin Bakı sərgisi onun bu sənət kredosunu əks etdirir 

Bakıdakı “Rus Evi”ndə Rerixlər ailəsi üzvlərinin yubileylərinə həsr olunmuş “Gözəlliyin elçiləri” sərgisi açılıb. 

Sərgi Rerixlər irsinin təbliği üzrə təşəbbüs qrupu tərəfindən təşkil olunub. Təşəbbüs qrupunun Bakı təmsilçisi Lalə Sultanova “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, 2024-cü il bu məşhur ailənin 3 üzvünün yubiley ilidir: “Beynəlxalq və mədəni ictimaiyyət bu il dahi rus rəssamı, mütəfəkkiri, ictimai xadim, “Rerix Paktı”nın müəllifi Nikolay Rerixin anadan olmasının 150, onun ömür-gün yoldaşı, filosof, yazıçı, tərcüməçi Yelena İvanovnanın 145 və onların kiçik oğlu, rəsmləri dünyanın məşhur muzeylərini bəzəyən dünya şöhrətli rəssam, alim, müəllim və ictimai xadim ­Svyatoslav Rerixin 120 illik yubileyini qeyd edir”.

“Rerix Paktı”nın əhəmiyyətindən danışan L.Sultanovanın sözlərinə görə, bu pakt silahlı münaqişələr zamanı, eləcə də sülh dövründə mədəni irsin qorunmasına dair ilk beynəlxalq müqavilə, milli dəyərlərin mühafizəsi sahəsində beynəlxalq hüquqda təsbitini tapmış bir sənəddir. Dünyanın ­50-dən çox ölkəsi həmin Pakta qoşulub. 

2025-ci il yanvarın 10-dək davam edəcək “Gözəlliyin elçiləri” sərgisində paytaxt sakinləri Rerixlərin bəşəriyyətin xilasının yalnız gözəllik və xeyirxahlığa bağlı olduğunu təbliğ edən, bu ideyanın mənəvi-təsviri mirası sayılan tablolardan zövq almaqla yanaşı, məşhur ailənin Hindistanda keçən həyatının maraqlı mərhələsi ilə bağlı epizodlarla tanış olmaq imkanı əldə edəcəklər. 

İ.HƏSƏNQALA
XQ

 

Mədəniyyət