Novruz Nəcəfoğlu – 70
Məlumdur ki, bədii yaradıcılıq sahəsində fitri, anadangəlmə bacarıq və qabiliyyət olmadan yazıçı, bəstəkar, aktyor, rəssam... kimi yetişmək mümkün deyil. Əgər yazıçılıq insanla bir doğulmuşsa, o tez-gec əlinə qələm götürüb həyatda gördüklərini, ürəyinin hiss və həyəcanlarını, beyninin fikir və düşüncələrini ağ kağıza köçürməyə başlayacaq. Belə yaradıcı ziyalılardan biri tanınmış qələm sahibi Novruz Nəcəfoğludur.
O, uzun illər dövlət qulluğunda müxtəlif vəzifələrdə işləməklə zəngin həyat yolu keçib. Novruz müəllimin əmək fəaliyyəti qədər də zəngin ədəbi bioqrafiyası var. Özünü həmişə ədəbi aləmdə məxsusi sözü, yeri olan bir müəllif kimi təsdiq edib. Onun indiyə qədər çap olunmuş müxtəlif janrlı əsərləri, kitabları ədəbi ictimaiyyət və tənqidi fikir tərəfindən layiqincə dəyərləndirilib. Novruz Nəcəfoğlunun yaradıcılığı haqqında professor İslam Qəribli, yazıçı-publisist Aydın Tağıyev, tədqiqatçı-yazıçı Pərvin Nurəliyeva və başqaları məqalələr yazıb, araşdırmalar aparıblar.
Novruz Nəcəfoğlu (Novruzov) 1954-cü ilin may ayının 2-də Lerik rayonunun Zövnə kəndində anadan olub. Gənc yaşlarından ədəbiyyata meyil göstərib, şeir, hekayə, povest və publisistik yazıları ilə mətbuatda müntəzəm çıxış edib. Yazıçının “Bir qış gününün xatirəsi”, “Yollar uzanan gün”, “Keçən cavan çağım ola…”, “Atüstü bir nağıl”, “Bir mən oyaqdım”, “Çarəsiz yolçu”, “Nağıl adam”, “Yuxuya gedib gecə” və s. kitabları maraqla qarşılanıb. “İçimdə bir ocaq var” kitabında şeirləri, “Unudulmazlıq haqqı” kitabında oçerkləri toplanıb. Novruz müəllimin “Nəcəflə üz-üzə”, “Ən böyük adam”, “Tufan” və ingilis dilində çap edilmiş “Tural, Humay və Nicat” kitabları isə balaca oxuculara, onların valideynlərinə, müəllimlərinə gözəl ərməğan olub. Yazıçının “Çarəsiz yolçu”, “Bəmbəyaz keçiddə”, “Qaranlıq gecənin səsləri” əsərləri qardaş Türkiyə türkcəsində və daha bir kitabı isə rus dilində nəşr edilib.
Pərvin Nurəliyeva yazır: “Bir neçə il öncə Novruz müəllimin “Yuxuya gedib gecə” kitabı “Çağdaş nəsrin ustaları” seriyasından “XAN” nəşriyyatında işıq üzü gördü. Türkiyəli yazıçı-tərcüməçi İmdat Avşar əsəri qısa müddətdə Türkiyə türkcəsinə də çevirdi. Kitab qardaş ölkədə də nəşr olunub böyük maraqla qarşılandı. Həmin əsərin ilk oxucusu olmağın məmnunluğu içərisində kitaba ön söz (44 günlük Zəfər savaşımızdan əvvəl) yazmışdım. Maraqlıdır ki, “Ağ qayadan atılan güllə” əsərinin ideyası da, yozumu da özünü doğrultdu. 44 gün içərisində torpağı düşmən tapdağından azad edən oğullar həm də bu cür əsərlərin yetişdirdiyi nəslin nümayəndələridir. Açarlarını, evlərinin sənədlərini qoruyub saxlayan insanların həsrətinə son qoyuldu, Qarabağ zəfəri ədalətin ən təntənəli qələbəsi oldu. Bu mənada, elə Novruz müəllimin də əsərləri yeni gözlə, qalib ovqatı ilə oxunur”.
Novruz Nəcəfoğlunun qələmindən çıxan əsərlərin ən mühüm məziyyəti onların aktual mövzularda geniş ictimai məzmun, parlaq ideya və sənətkarlıq xüsusiyyətlərinə malik olması ilə şərtlənir. Müəllif gözəl, ürəyəyatımlı, həzin duyğuların məhsulu olan lirik şeirlər kimi, mükəmməl kompozisiyaya və bitkin süjetə malik olan epik əsərlər yazmağın da ustasıdır. “Bir qış gününün xatirəsi” kitabındakı şeir və hekayələri buna əyani sübutdur.
Sözügedən topludakı əsərlərin elə adları, sərlövhələri artıq müəllifin yaradıcılıq məziyyətləri haqqında müəyyən təsəvvür yaradır:
Şeirlər – “Bir qala ziyarəti”, “Bir kaha önündə”, “Bircə sətir yaz”, “Dünya”, “Dəfn elə”, “Gedib”, “Bilmədim”, “Lirik lövhələr”, “Olacaq”, “Bayatılar”, “Anamın dilindən”, “Yollar”, “Zaman və biz”, “Xeyli vaxtdır”, “Tanrı mənim pənahımdı”, “Qorun”, “Dördlüklər”, “Yuxum ərşə çəkilib”, “Sevəcəkmi”, “Bağışlasın”, “Anam eyvandan baxırdı” və s.
Hekayələr – “Atamı oğulsuzmu görübsüz?”, “Bir qış gününün xatirəsi”, “Yuxu”, “Bir ana tanıyırdım”, “Tənhalıqdan qorxduğum üçün”, “Zalım oğlunu öldürürdüm”, “Yalan yeriməsə də...”, “Yerisənə!”, “Səhra gəmisi” və s.
Novruz Nəcəfoğlunun “Çarəsiz yolçu” povesti isə kənd həyatının rəngarəng çalarlarını əks etdirir. Povestin qəhrəmanları özünəməxsus portret cizgiləri və fərqli xarakterləri ilə bir-birindən seçilirlər. Müəllifin əsərlərindəki obrazlar ətrafımızda olan, gündəlik həyatda gördüyümüz, rast gəldiyimiz real insanlardır. Bu obrazları bizə sevdirən onların hər birinin özəl xüsusiyyətlərə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmasıdır.
Bir dövlət məmuru kimi xarici ölkələrə səyahətdən aldığı səfər təəssüratları əsasında onun yazdığı “Dünya duracaq yer deyil”, “Sinqapur – böyük dünya şəhəri, iddialı ölkə”, “Gördüyüm və eşitdiyim Yaponiya” publisistik kitabları səfərnamə janrında diqqətəlayiq nümunələrdir.
Bu qəbildən olan “Eşitdiyim və gördüyüm Yaponiya” adlı publisistik əsəri ilə bağlı Novruz müəllim özü belə yazır: “Hər dəfə müxtəlif ölkələrə – dəqiqliyi ilə desəm, bundan əvvəl Almaniyaya, İsveçrəyə, Sinqapura, Malayziyaya səfərlərdən qayıdan kimi yol təəssüratlarımı, gördüklərimi əlbəəl, necə deyərlər, isti-isti qələmə almışam. Yaponiyaya səfərimizdən isə uzun müddət keçsə də, nədənsə, bu dəfə cib dəftərçəmə əl gəzdirib yaddaşımdakıları ağ vərəqlərə köçürməyə tələsmirdim. Bəlkə də, bu, o səfər təəssüratlarımın zənginliyindən idi ki, sözümü hardan başlayıb harda tamamlamaqda, açığı, çətinlik çəkirdim. Uzaq Gündoğar ölkədə 10 gün bir yerdə olduğum səfər yoldaşlarım hər dəfə müxtəlif tədbirlərdə, görüşlərdə üzə vurmasalar da, elə baxışlarından hiss edirdim ki, bundan əvvəlki ölkələrə işgüzar səfərlərdə olduğu kimi, bu dəfə də Yaponiya səfərimiz haqqında yazacaqlarımın araya-ərsəyə gəlməyini gözləyirlər”. Nəhayət, elə də oldu və Novruz Nəcəfoğlu daha bir uğurlu səfərnamə ilə oxucularını sevindirdi.
Yazıçının son illər çap etdirdiyi “Kişilərin ömür yolu” silsiləsindən “Yaddaşıma yazılan gün”, “Ötən günlər” dəftərindən “Arıtsan sel olar kor bulaqdan...” və “Yağışda dayanacaqdakı qadın” əsərləri də göstərir ki, onun həyati müşahidələri ictimai-mənəvi müstəviyə yönəlməklə sosial-etik mahiyyət kəsb edir. Yazıçı gördüklərini, təəssüratlarını bədii sözə, publisistik təsvir və lirik düşüncələrə çevirə bilir, həmişə hadisə və əhvalatların arxasındakı insanlararası mənəvi-psixoloji münasibətləri aşkarlayıb tapmağa can atmaqla, obrazların, qəhrəmanlarının daxili-ruhi aləmini oxucu üçün kəşf edə bilir.
Ömrünün 70 ilini arxada qoyan Novruz Nəcəfoğlu şəxsi həyatının, ictimai fəaliyyətinin, müdriklik zirvəsindədir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Türkiyə elm və ədəbiyyat birliyi olan “İlesam” təşkilatının üzvüdür. Onun bir neçə şeirinə musiqi bəstələnib. Bir sıra beynəlxalq mükafatların laureatıdır, 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Yazıçı-publisist, şair kimi, o, geniş oxucu auditoriyasının sevgisini də özü üçün mükafat sayır.
Rasim NƏBİOĞLU,
AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, fəxri professor