Gürcüstan: Prezident seçkiləri öncəsi “siyasi hərarət” artıb

post-img

Sabiq futbolçu yüksək post uğrunda mübarizə aparır, müxalifət isə səsverməni pozmaq istəyir

Bu gün Gürcüstanda növbədənkənar prezident seçkiləri keçirilir. Ölkə tarixində ilk dəfə ümumi səsverməyə ehtiyac olmayacaq. Dövlət başçısını parlament və yerli şuraların üzvləri seçəcəklər. Müxalifət isə hakim partiyaya mane olmaq barədə düşünür. İndiki Prezident Salome Zurabişvili postunu tərk etmək niyyətində olmadığını bəyan edib.

Kollegiyanın səsvermə proseduru və yetərsay

7 il əvvəl Gürcüstanda konstitusiya islahatları aparılıb. O zaman qəbul edilən və prezidentin səlahiyyətlərini azaldan Konstitusiyaya əsasən, bundan əvvəlki seçkilər sonuncu prezident seçkiləri olub. Hazırda dövlət başçısını 300 nəfərdən ibarət xüsusi seçki kollegiyası seçəcək. Ən azı 15 il Gürcüstanda yaşayan, yaşı 40-dan yuxarı olan ölkə vətəndaşı prezident seçilə bilər (“seçkilərə qədər son 3 il ərzində ölkədə daimi yaşamaq” tələbi aradan götürülüb).

Birinci turda qalib gəlmək üçün namizəd kollegiyanın ən azı 200 üzvünün səsini qazanmalıdır. Hazırda hakim partiya 156 seçiciyə arxalana bilər. Müxalifətin 124 tərəfdarı var, daha 20 nəfər bitərəfdir. İqtidar partiyasının tərəfdarlarının sayı namizədinin birinci turda qalib gəlməsi üçün kifayət etməyə bilər. Konstitusiyaya görə, birinci turda qalib müəyyənləşməsə, ikinci tur keçirilməlidir. Bu mərhələdə hakim partiya uğura arxalana bilər. Çünki sadə səs çoxluğu kifayət edəcək.

Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, ilk tur uğursuz olarsa, 2-ci tur eyni gündə baş tutacaq. Yəni Gürcüstanın yeni prezidentinin adı istənilən halda bu gün məlum olacaq.

İqtidarın namizədi sabiq futbolçudur

Hakim partiya prezidentliyə parlamentin deputatı və sabiq futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvili onun barəsində deyib: “O, ədaləti, dürüstlüyü, vətənpərvərliyi və düzgünlüyü ilə seçilir. Kavelaşvili gürcü kişisinin ən yaxşı təcəssümü, sadiq həyat yoldaşı və dörd uşaq atasıdır. Əminəm ki, Mixail Kavelaşvili müvəqqəti olaraq prezidentlik institutunun itirdiyi ləyaqəti geri qaytaracaq. Komanda onun namizədliyi ilə bağlı yekdil qərar qəbul edib”.

Xatırladaq ki, Kavelaşvili 2016-cı ildə Gürcüstan parlamentinə seçilib. O, davamlı olaraq milli və ənənəvi dəyərləri dəstəkləyib. Avrointeqrasiyanın tərəfdarı olsa da, Aİ və ABŞ-ı tənqid edib. İki il əvvəl “Xarici agentlər haqqında” qanun layihəsinin təşəbbüskarlarından biri olub. Müxaliflər isə diqqəti iqtidarın dövlət başçısı postuna real namizədinin ali təhsilli olmamasına yönəldib. Bildirib ki, Gürcüstan parlamentinin saytında müvafiq qrafa boşdur. Bundan əlavə, Kavelaşvili heç vaxt məşhur siyasətçilərin reytinq siyahısına düşməyib.

“Gürcü Arzusu” müxalifətin iddialarına belə cavab verib: “Ən yüksək posta namizəd “diplomsuz da çoxlarından savadlıdır və ölkəsini səmimi qəlbdən sevir”. Konstitusiyada dövlət başçısının mütləq ali təsilli olması barədə maddə yoxdur”.

Maraqlı fakt: Mixail Kavelaşvili 2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidentliyinə iddialı olsa da, ali təhsili olmadığı üçün seçkilərdə iştirak edə bilməyib. Həmin vaxt deyib: “Sovetlər İttifaqı dövründə elə bir sistem var idi ki, futbolçunun ali təhsil alması mümkün deyildi. Bu təcrübə bütün dünyada mövcuddur. UEFA prezidenti Platininin də ali təhsili yox idi. Düşünürəm ki, bu, mənə qarşı qərəzli qərardır”.

Prezident seçkisində isə Kavelaşvilinin rəqibi olmayacaq. Müxalifət partiyaları nəinki öz namizədlərini irəli sürməyib, hətta səsvermədə iştirakdan imtina ediblər.

Qarşıdurma yüksəlib

Səsvermənin nəticəsi əvvəlcədən məlum kimi görünür. Amma, deyəsən, siyasi qarşıdurmanın qarşısını almaq mümkün olmayacaq. Məsələ burasındadır ki, müxalifət liderlərindən biri, Pezident Salome Zurabişvili postunu tərk etmək niyyətində deyil: “Mənim mandatım ölkədə əsl parlament formalaşanadək davam edəcək”.

Hakim partiya buna cavab olaraq bildirib ki, Zurabişvili istənilən halda prezident postunu tərk etməli olacaq. Baş nazir İrakli Kobaxidze deyib: “Mən onun emosional vəziyyətini başa düşürəm, lakin dekabrın 29-da inauqurasiya keçiriləcək. O, iqamətgahı tərk etməli, binanı yeni seçilmiş liderə verməli olacaq”.

Parlament sədrinin müavini Nino Tsilosani xəbərdarlıq edib ki, Zurabişvili israr etsə, “minlərlə qəzəbli vətəndaş” onu binanı tərk etməyə məcbur edəcək.

Etirazlar ara vermir

Tbilisinin küçələrində toqquşmalar hələ də davam edir. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş atır, pirotexniki vasitələri işə salır, polis isə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. Hər iki tərəfdən çoxsayda zərərçəkən var. 400-dən çox insan saxlanılıb, 30 etirazçı isə məhkəməyə verilib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, radikal müxalifət seçkiləri pozmağa və ölkədə iğtişaşlar törətməyə cəhd edəcək. “Müxalifət vəziyyəti mümkün qədər gərginləşdirmək, sonra isə, guya, iki və ya üç nəfərin ölməsi ehtimalını nəzərdən keçirir. Ölüm hadisəsində hökuməti ittiham etmək, radikal əhval-ruhiyyəni qızışdırmaq və etiraz aksiyalarını gücləndirmək istəyirlər. Onların planına görə, bu, ölkədə xaosa aparıb çıxarmalıdır”.

Ekspertlər nə deyirlər?

Gürcüstan parlamentinin sabiq üzvü Petre Mamradze hesab edir ki, seçki prosedurunun özü heç bir sürpriz olmadan keçəcək və hakim partiyanın namizədi yeni dövlət başçısı olacaq: “Bütün proqnozlara görə, “Gürcü arzusu” öz namizədini sakitliklə seçəcək. Eyni zamanda vətəndaşlarımıza xəbərdarlıq edirəm ki, yaxın günlərdə, xüsusilə ayıq-sayıq olsunlar. Müxalifətin aksiyaları sönür, “Maydan” işləmir. Müxalifətin mitinqlərə yeni nəfəs gətirmələri lazımdır, bunun üçün ən yaxşı üsul insanların ölümüdür. Mən hamını Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına qulaq asmağa və heç bir təxribata uymamağa çağırıram”.

O əlavə edib ki, hazırkı Prezident Zurabişvili istənilən halda postunu tərk etməli olacaq. “Çox qəribə açıqlamalar verir. Səlahiyyətləri bütün qanunvericilik normaları üzrə başa çatır. Parlamentin hazırkı tərkibini tanımaması isə heç kimi narahat etmir. Ola bilsin ki, onun ağlı başında olub, prezident sarayını təkbaşına tərk edəcək. Amma istisna etmirəm ki, təhlükəsizlik qüvvələri onu iqamətgahdan zorla çıxaranda parlaq performansını görəcəyik”.

Postsovet Araşdırmaları Mərkəzinin Qafqaz sektorunun baş elmi işçisi Aleksandr Krılov hesab edir ki, müxalifət dekabrın 14-dək öz tərəfdarlarını səfərbər etməyə çalışacaq: “Yəqin ki, hansısa təxribatların, hansısa qurbanların ictimaiyyətə təqdim edilməsi cəhdlərinin şahidi olacağıq. Ümid edirəm ki, hüquq-mühafizə orqanları sakit və səmərəli fəaliyyət göstərdikcə bütün bu cəhdlər uğursuz olacaq. Düşünürəm ki, seçkilərdən və yeni prezidentin andiçmə mərasimindən sonra müxalifətin mitinqləri səngiməyə başlayacaq. Ölkədə etirazçılara kütləvi dəstək yoxdur. Salome Zurabişvilinin özü təhlükəsizliyini, iqamətgahını və digər imtiyazlarını itirəcək və çox güman ki, bundan sonra ölkəni tərk edərək Parisdə və ya Brüsseldə yerləşəcək”.

Hazırladı:
P.ƏFƏNDİYEV
XQ



Dünya