Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda forum keçirilib. Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumları, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələr və onların təhsilinin təşkili üzrə məsul əməkdaşları iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev universitetlərimizin beynəlxalq reytinqinin yüksəldilməsi, ali təhsil müəssisələrində tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili və digər məsələlərə toxunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından forumun məqsədi və önəmini vurğulayıb. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin ölkələrarası ictimai diplomatiya aləti kimi önəmini vurğulayıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesə verdiyi töhfəni qeyd edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində görülən işlərə dair statistik hesabatla çıxış edib.
Rəsmi hissə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb. “Elmi universitetə necə gətirməli?” və “Ali təhsilin beynəlmiləlləşməsi” mövzuları üzrə panel sessiyalarda keçirilib.
Sonda beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və doktorantura üzrə elmi məqalələrin dərci sahəsində fərqlənən xarici tələbələr təltif edilib.
XQ