Həsənoğludan Sabirə: anadilli poeziyamızın 7 əsrlik yüksəlişi
Dünən AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan və Türkiyənin ədəbi-mədəni aləmi üçün qiymətli töhfə olan 2 yeni nəşrin təqdimatına tanınmış ədəbiyyatşünas və yazarlar, ictimai xadimlər və ziyalılar toplaşmışdılar. Bu kitablar anadilli poeziyamızın başlanğıcından zirvəsinə gələn yolu tarixi-estetik, ədəbi-bədii, dil-üslub baxımından izləmək və tutuşdurmaq baxımından, sanki, söz sənəti tandemi olaraq qəbul edildi.
Mərasimdə türkiyəli ədəbiyyatşünas soydaşımız, Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylının dərindən araşdırıb qardaş ölkədə nəşr etdirdiyi bu kitablar – anadilli poeziyamızın pioneri sayılan İzəddin Həsənoğlunun yeni aşkar edilmiş “Kitab-ı Sirətün-nəbi” poeması və Mirzə Ələkbər Sabirin “Hophopnamə” külliyyatı xalqlarımızın yazılı söz sənətini Türk dünyasında tanıtmaq missiyasının uğurlarından biri kimi dəyərləndirildi.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli hər 2 kitabın araşdırıcı-tərtibçisi Seyfəddin Altaylının Azərbaycan – Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsində çoxillik səmərəli fəaliyyətini canlı körpü – sələflərinin tarixi missiyasının yüksək səviyyədə və genişmiqyaslı davamı kimi dəyərləndirdi. Akademik anadilimizdə yazılmış azsaylı poetik nümunələrin müəllifi kimi tanınan İzəddin Həsənoğlunun, nəhayət, aşkar edilmiş irihəcmli poemasının – İslam peyğəmbəri Məhəmmədin həyat və mübarizəsini əks etdirən “Kitab-ı Sirətün-nəbi” məsnəvisinin Türkiyədə mükəmməl nəşrini gerçəkləşdirmiş Seyfəddin Altaylının bu yaradıcılığını alim fədakarlığı adlandırdı, alimi elmi-ədəbi ictimaiyyət adından təbrik etdi.
Təqdimatda iştirak etmək üçün Türkiyədən gəlmiş Avrasiya Yazarlar Birliyinin rəhbəri Ufuk Tuzman ümumtürk birliyinin möhkəmlənib uğurlar qazanmasında xalqlarımızın ədəbi incilərinin qardaş dillərdə nəşr edilməsinin önəmli mənəvi-siyasi ortaqlıq yaradacağını söyləyərək bildirib ki, Avrasiya Yazarlar Birliyi indiyədək türk xalqları ədəbiyyatının 540 örnəyini çap edib, bunun 50-si Azərbaycan yazarlarının kitablarıdır. O, bu baxımdan Azərbaycan ədəbiyyatının 2 epoxal nümayəndəsinin irsinin Türkiyə türkcəsində nəşrini növbəti uğurlu addım adlandırdı.
Xalq şairi Sabir Rüstəmxanlı, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, elmi katib Aygün Bağırlı yeni nəşrlərin Azərbaycan ədəbiyyatı incilərinin yeni tələblər baxımından öyrənilməsi və Türk dünyasında tanıdılmasına önəmli töhfə olduğunu söylədilər. Həsənoğlu məsnəvisinin dilçilik, tarix və dini araşdırmalar baxımından qiymətli mənbə olduğu, əsərin orijinalının ölkəmizdə də nəşrinin vacibliyi vurğulandı.
Sonda Seyfəddin Altaylı hər 2 kitab üzərində çoxillik araşdırmalarından danışdı, nəşrlərdəki tədqiqat və tərtibat özəlliyi barədə məlumat verdi. Türkoloq alim söylənən dəyərli mülahizələrə və təbriklərə görə razılığını ifadə etdi.
Tahir AYDINOĞLU
XQ