Daşkənddə Özbəkistan İnkişaf və Tənzimləmə Agentliyi (ÖİTA) Asiya İnkişaf Bankı ilə birgə “Regional enerji islahatları: tənzimləyici təcrübələrin gücləndirilməsi” adlı sammit keçirib.
Tədbirdə Özbəkistandan başqa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Türkiyədən olan ekspertlər iştirak edib.
Ölkəmizi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə və Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev təmsil ediblər.
ÖİTA-nın direktoru Şerzod Xocayev sammiti açaraq bildirib ki, qlobal dəyişikliklər və texnologiyanın sürətli inkişafı şəraitində bizim vəzifəmiz təkcə tendensiyaları izləmək deyil, həm də digər ölkələrin ən yaxşı təcrübələrini nəzərə alaraq strategiyamızı formalaşdırmaqdır.
O bildirib ki, son beş ildə respublikada elektrik enerjisinə tələbat 1,6 dəfə artıb.
Hazırda bu rəqəm ildə 86 milyard kilovattsaata çatıb. O deyib ki, artan tələbatı ödəmək üçün biz 2030-cu ilə qədər hasilatın həcmini 135 milyard kilovattsaata çatdırmalıyıq,
Sonra iştirakçı ölkələrin nümayəndələri “Regional enerji islahatları: tənzimləyici təcrübələrin gücləndirilməsi” sammitində çıxış ediblər.
Tədbirdə tənzimləyici islahatların əsasları, enerji bazarının dinamikası, davamlı enerjiyə keçid, sənayedə rəqəmsallaşma və innovasiyalar müzakirə olunub.
Tədbirin açılış sessiyasında çıxış edən A. Hacızadə EMTA-nın fəaliyyəti, enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.
İkigünlük sammit çərçivəsində baş tutmuş sessiyalarda enerji tənzimləmə sahəsində islahatlar, rəqəmsallaşma və innovasiya, eləcə də enerji bazarının dinamikası, davamlı enerji keçidi ilə bağlı mövzulara toxunulub, eyni zamanda Türkiyə, Gürcüstan, İndoneziya, Avstraliya, ABŞ və Almaniyanın sadalanan sahələrdə təcrübələrinə nəzər yetirilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd