Bu günlərdə həyata vaxtsız əlvida demiş gənc və istedadlı şair Rauf Qədimovun yazdıqları və haqqında yazılanlar bu itkiyə görə acı təəssüf hissləri keçirməyimizə səbəb oldu. Onun həm ənənəyə söykənən, həm də modern üslubda ifadə olunan duyğu və düşüncələri bənzərsizliyi ilə seçilirdi.
Heç özüm də bilmədim,
mən sənə gecikməyə,
harda, necə tələsdim?
Rauf qeydlərinin birində demişdi: “Fikirlərin kökü yoxdursa, tarix silahında boşa açılan güllə kimi unudulur”. Onun fikirləri həmişə dolğun olub.
Gözəl şeirlərini oxuyan dostları təxəllüs seçimində ona kömək edərək: – Sən Azərbaycan ədəbiyyatının yeni günəşisən, imzan “Rauf Ra” (Ra – Günəş tanrısı deməkdir) olsun, – demişdilər ona. Sonra Rauf Ra “yarpaq.az” saytında yazılar verməyə başladı, təəssüf ki, özü də bir payız günü (amma ömrünün bahar fəslində) yarpaq kimi həyat ağacından qopub düşdü...
Deyilənə görə, çox sevdiyi Seyid Əzim Şirvanidən şövqlə qəzəl deyəndə Raufun gözləri işıldayarmış. Gərək milli poeziyamızın yeni dalğasının, Seyid Əzim demişkən, “nuri-didəsi, qönçeyi-növrəsidəsi” olan gənc şair ehtiyatlı olaydı ki, dəm qazının “şövq”ünə qurban getməsin və bizi “möhnəti-qüssəyə düçar etməsin”...
Nədənsə, onun imzası görünüşünə görə “Rəsul Rza” assosiasiyası yaradır. Yaşasaydı, bəlkə də, milli sərbəst şeirin atası sayılan Rəsul Rza kimi fərqli bir şair olardı. Nə yazıq ki, yaxınlarının verdiyi məlumata görə, bu günlərdə o, dəm qazından boğularaq dünyasını vaxtsız dəyişib (Bu dəm qazı da yaman tez-tez “dəm” olub xəta törədir).
Bir də deyirlər ki, rəsmləri sevirdi Rauf. Quba rayonunun Nügədi kəndində evlərinin divarına kömürlə rəssam Van Qoqun portretini çəkmişdi. İndi öz portreti daşa çəkilir onun... Bir şeirində isə elə Van Qoqdan misal gətirərək yazmışdı: “La tristesse durera toujours”, yəni “Kədər əbədi olaraq davam edəcək”. Qardaşı Teonun dediyinə görə, Van Qoqun son sözləri belə idi...
Nakam şairin yığcam, amma dolğun deyimləri çox olub. Məsələn:
Güllələr boşa açılanda yox,
hədəfə dəyəndə ölürlər...
Yaxud:
Tələbələrə iş var yazılan bukletləri paylayır metro çıxışında işsiz tələbə, nə qəribə...
Rauf Ra bir şeirində yazmışdı:
Alov qüllələrindən qızınır qazsız, işıqsız evlər, işıqlı şəhərdə...
Taleyin istehzasına baxın ki, qazsız evlərdən yazan gənc şairi yaşadığı kirayə mənzildə toplanan dəm qazı tələf elədi...
Dostları onu da deyirlər ki, son vaxtlar ədəbiyyatdan küsərək, qaydasız döyüş məşqlərinə gedirmiş. Elə həyatın “qaydasız oyunu” onu cavankən – 23 yaşında aradan çıxardı...
Beləcə, Rauf Ra ədəbiyyatın bağrına dağ çəkib erkən qürub elədi...
Rauf Ranın tale yazısı olan bir şeirini təqdim edirik:
Sonrası daha da qəribə oldu.
qorxular ümidə dönüşdü o gün,
mən sirri hamıyla bölüşdüm o gün,
bir ömür sirrimi bilən olmadı.
Günəş də üfüqdə ilişdi, qaldı,
qarşıma mürdəşir çıxdı sübh çağı,
dedim ki, bu gecə ölən olmadı.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
Bir topa adamın içinə girdim,
gizləndim bir azca, kimsə görmədi.
Uzaqdan qapqara tüstü göründü,
qarğalar səs salıb başımı qatdı,
ayağım altında qarışqa qaldı,
gecikdim, deyərək, tapşırdı canın.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
Bir sümük, bir dəri müqəvva gördüm,
külək də papağın götürdü qaçdı.
Bir dərviş dönürdü getdiyi yerə,
kölgənin kölgədə itdiyi yerə,
soruşdu, ey yolçu, Şəmsi görmədin?
dedim ki, arxama baxmıram heç vaxt.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
İşığı güdərkən günəbaxanlar
tarlada bir nəfər yerə baxırdı,
kölgəsi aşağıdan göyə baxırdı.
Dəlinin biriydi rəssamabənzər,
cığıra baxaraq ağac çəkirdi,
ağaca baxaraq cığır çək, dedim.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
Azacıq söykəndim ot tayasına,
divartək güvəndim ot tayasına,
mən qalxdım, sökdülər sarı divarı.
Araba gedirdi yoxuşa sarı,
kiçik bir daş atdım buğda çuvalına,
qoca dəyirmanın çarxı dayandı.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu,
Ağacın altında bir yolçu vardı,
yuxardan aşağı baxdı halıma,
çək, otur, stulu, yorğunsan, dedi,
otur, hər ikimiz dincələk, dedi.
Mən çəkdim stulu, oturdum bir az,
o isə ağacdan asılı qaldı.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
Ağaclar yoruldu başucalıqdan,
ağaclar yol oldu balacalıqdan.
Bir palıd qurudu gövdəsi üstə,
qəfildən yıxıldı kölgəsi üstə,
oyatdı gecəni şirin yuxudan.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu,
əvvəli onsuz da qəribə idi…
Məzarın nurla dolsun, əbədiyyətə çox tez qovuşmuş istedadlı soydaşımız.
Əli NƏCƏFXANLI
XQ