“Ulduzlar”da ədəbi görüş

post-img

Xaçmazda 64 ildən bəri fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisi 30 ilə yaxındır ki, dərnəyin ilk yaradıcısı olmuş şair Murad Qudyalçaylının adını daşıyır. Qələm sahibləri məclisdə vaxtaşırı toplaşır, kitab təqdimatları, şeir və hekayə müzakirələri keçirirlər.

Məclisin növbəti toplantısında birliyin hazırkı sədri Fərzalı Ziyanur noyabr ayının milli bayramlarla zəngin olduğunu vurğulayaraq qeyd edib ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü bu məhz ayın payına düşür. Sonra toplantı Tahir Həsənlinin “Xaltanlı Tağı” kitabının təqdimatı ilə davam edib. Öz əsəri barədə danışan müəllif bildirib ki, Qubanın Xaltan kəndində yaşamış Tağı XIX əsr Azərbaycan aşıq sənətinin dəyərli simalarından olub. O, Şirvan aşıq məktəbinin qurucularından sayılan Xaltanlı Tağının müxəmməs və qəzəllərinin, “Quran”la bağlı deyişmə və qıfılbəndlərinin bədii xüsusiyyətlərindən danışıb, aşığın yaradıcılığının yetərincə öyrənilmədiyini, kitabın bu boşluğu doldurmaq üçün bir cəhd olduğunu deyib və əsərin nüsxələrini məclis üzvlərinə hədiyyə edib.

Daha sonra “Ulduzlar” ədəbi məclisinin üzvləri – Mehparə Sadıqova, Rübabə Mustafa, Zərnişan, Pakizə Zal, Gülümbala Nəsirli, Qərib Aşkari, Firudin Həvəskar, Səxavət Ənvəroğlu, İbrahim Ağçaylı, Mövlan Şahid yeni şeirlərini oxudular. Azər Həsrət isə Neft Daşlarında çalışan istedadlı şair Aqşin Dadaşoğlunun yaradıcılıq məziyyətlərindən danışıb və onun bir neçə şeirini səsləndirib.

Məclisdə təqdim olunan bədii nümunələr ətraflı təhlil edilib.

XQ

Mədəniyyət