...Bu şəkillər Zaqatalada çəkilib, 3 saylı tam orta məktəbin həyətində. Deyim, siz də bilin: görkəmli ictimai-siyasi xadim, şair, dramaturq Şıxəli Qurbanovun büstüdür. Burada yerləşməsi təsadüfi deyil, çünki məktəb onun adını daşıyır. Mən neçə dəfə bu məktəbdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişəm. Bu günlərdə yenə yolum ora düşmüşdü. Büstə yaxınlaşdım. Vəziyyətini görüb lap xəcalət çəkdim, bu qədər laqeyidlik, diqqətsizlikmi olar? Hər tərəfi sökülmüş bu abidəyə hörmətsizliyə nə deyəsən? Elə bu vaxt tələsə-tələsə məktəbə gələn bir xanıma yaxınlaşdım. Öyrəndim ki, müəllim işləyir. Şixəli Qurbanovun kim olduğunu soruşdum, maddım-maddım üzümə baxdı. Təəccüb məni bürüdü.
Məktəbin binasına daxil oldum. Qarşıma çıxanların hansından soruşdumsa, Şıxəli Qurbanovun kim olduğunu bilən olmadı. Orta yaşlı bir müəllimin cavabı isə məni lap təəcübləndirdi: “Deyəsən, bu məktəbin yiyəsi olub”. Məktəbin direktoru ilə tanış olmaq istədim, dedilər ki, bu günlərdə təyinat alıb, yenidir, Azərbaycan Beynəlxalq Universitetinin (?) məzunudur. Əvvəllər hansısa başqa məktəbdə direktor işləyib, imtahan verib, daha böyük tədris ocağına dəyişiblər. Görüşüb, özümü təqdim etdim. Eyni sualı direktor Vüsal Qurbanova da verdim. Deyəsən, gözləmirdi, odur ki, sualıma sualla cavab verdi:
– Məni imtahan edirsiniz?
– Xeyr, – dedim, – sadəcə Şıxəli Qurbanovun kim olduğunu öyrənmək istədim.
– Düzü, bilmirəm, – dedi. – Yəgin ki, xəbəriniz yoxdur, mən bura təzə təyin olunmuşam.
Nə deyəsən, söz tapa bilmədim. Qəribə cavabdır, deyilmi? Görəsən, hansısa məktəbə direktor təyin olunanda həmin təhsil müəssisəsinin kimin adını daşıdığını öyrənmək bu qədər çətindir? Əlavə suala ehtiyac qalmadı. Sağollaşıb məktəbdən çıxdım. Yolboyu düşündüm ki, görəsən, Şəki–Zaqatala regional təhsil idarəsi Zaqatala rayon təhsil sektorunun müdüri Kəmalə Əhmədova bu sualın cavabını bilir, ya yox. Amma bu qənaətə gəldim ki, görünür, illər ərzində bir dəfə də olsun, məktəbdə Şıxəli Qurbanovla bağlı tədbir keçirilməyib. Heç olmasa, şairin ya doğum, ya da anım günündə bir tədbir keçirilmiş olsaydı və həmin tədbirdə onun şeirlərindən ibarət kompozisiya təşkil edilsəydi, dram əsərlərindən parçalar göstərilsəydi, belə bir mənzərənin şahidi olmazdıq. O ki qaldı büstün görkəminə, həm Kəmalə xanım, həm də Şəki–Zaqatala Təhsil İdarəsinin rəhbərliyi dəfələrlə bu məktəbdə olublar, “yaralı” büstü öz gözləri ilə görüblər, amma nə fayda?!
Bizim sözümüz budur. Görək Elm və Təhsil Nazirliyi nə deyəcək? “Yaralı” büstün taleyinə laqeyd qalmayacaq ki...
İlqar HƏSƏNOV
XQ-nin bölgə müxbiri
Zaqatala