“Xalq qəzet”nin sabiq əməkdaşı, tanınmış veteran jurnalist Rafiq Həsənov 4 ildir ki, doğum gününü 8 Noyabr Zəfər Günü təntənələrinin sevinc və qürur yaşantısı ilə qeyd edir. Redaksiya kollektivi builki Zəfər Günü şənliyini Rafiq müəllimin iştirakı ilə keçirdi, onu şanlı bayram və anadan olmasının 85 illik yubileyi münasibətilə səmimi təbrik etdi.
Baş redaktor Əflatun Amaşov Qarabağ münaqişəsinin ilk günlərindən bu ağrı-acılı, qan-qadalı milli faciəni yaradıcılığının aparıcı mövzusuna çevirmiş həmkarımızın 60 ildən artıq dövrdə jurnalist faəliyyətinin böyük bir hissəsinin “Xalq qəzeti” ilə bağlı olduğunu söylədi. O qeyd etdi ki, Rafiq Həsənov Qarabağ münaqişəsi, onun 2 qanlı savaşı ilə bağlı çoxsaylı yazıların müəllifidir. Ahıl qələm sahibi pensiyada olduğu dövrdə də redaksiya ilə sıx əlaqə saxlayıb, Zəfər sevincini oxucularımızla müxtəlif janrlı yazılarla bölüşüb. Rafiq müəllimin son illərdə qələmə aldığı “Mən də gördüm bu dünyanı”, “Ömür yolu” və “Nəvələrimin nəvələrinə” kitablarında da Qarabağ mövzusu geniş yer tutur.
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu Rafiq Həsənovun BDU jurnalistika fakültəsini bitirdikdən sonra Şərur rayonunda çıxan yerli qəzetin ən gənc redaktoru olduğunu, “Xalq qəzeti”nin peşəkarlıq məktəbini keçəndən sonra AZƏRTAC-da uğurla çalışdığını və son illərdə QHT qurumunda fəaliyyət göstərdiyini xatırlatdı. O bildirdi ki, ölkə mediasında coxillik səmərəli fəaliyyətinə görə və 85 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurası Rafiq Həsənovu Diplomla təltif edib.
“Xalq qəzeti”nin baş redaktoru, AMŞ İdarə Heyətinin üzvü Əflatun Amaşov təltifi yubiliyar jurnalistə təqdim etdi.
Redaksiyada Rafiq Həsənovla bir vaxtda işləmiş əməkdaşlardan Qüdrət Piriyev, Ruslan Rəfizadə, Zərifə Bəşirqızı, Məsaim Abdullayev, Əli Nəcəfxanlı, Vaqif Bayramov, Mirbağır Yaqubzadə, qəzetin veteranı Mehman Fərzullayev və digər çıxış edənlər onun ustad jurnalist, fəal vətəndaş, səmimi insan, sadiq dost olduğunu söylədilər, qocaman həmkarımıza möhkəm cansağlığı və yeni uğurlar arzuladılar.
Rafiq Həsənov sonda göstərilən diqqət və ehtirama görə əziz və unudumaz kollektivə, Azərbaycan Mətbuat Şurasına razılığını bildirdi. Qocaman jurnalist Zəfər günümüzü görməsini, həm də bu şanlı tarixin onun dünyaya gəldiyi günə təsadüf etməsini talenin ən böyük töhfəsi saydığını, bundan sonra da qələmi ilə Vətənimizə, xalqımıza xidmət edəcəyini söylədi.
T.RÜSTƏMLİ
XQ