Türklər tarixən dünyanın müxtəlif məkanlarında – indiki İran ərazisində, Əfqanıstanda, Hindistanda, Türküstan ərazilərində dövlət qurub öz mədəniyyətlərini inkişaf etdiriblər. Bu sayımızdan Əfqanıstan, Hindistan və Türküstan ərazilərində tarixi Türk dövlətləri və hökmdarları haqqında yazıları oxucularımıza təqdim edirik. Qədim Türk dövlətləri ilə bağlı yazıların hazırlanmasında mövcud elektron və çap materiallarından, tarixi mənbələrdən istifadə olunub.
Bu da məlum faktdır ki, bu gün Əfqanıstan və Hindistanda kifayət qədər Azərbaycan türkü olan qızılbaşlar, əfşarlar, qacarlar və digər türk xalqları yaşayırlar. Ümumiyyətlə, eramızın əvvəlindən 1747-ci ilə – Nadir şahın ölümünə qədər Əfqanıstanın, Hindistanın böyük bir hissəsi türklər tərəfindən idarə olunub.
Ağ hunlar, Göytürklər, Qəznəvilər, Böyük Səlcuqlar, Dehli Türk Dövləti, Teymurilər Dövləti, Şeybanilər, Xarəzmşahlar, Əfşarlar və Baburilər dövləti (Böyük Moğol İmperiyası) Əfqanıstan, Hindistan və Türküstan ərazilərində qurulan əsas türk dövlətlərinin tam siyahısı deyil.
Türküstan ərazisində yaradılan ən qədim Türk dövlətləri haqqında danışarkən ilk əvvəl bizim eradan əvvəl birinci minilliyin ortalarında Kəngərlilərin Türküstanda yaratdıqları Kanq dövləti yada düşür. Bu dövlət bizim eranın dördüncü əsrinə qədər yaşayıb. Bu, başqa söhbətin mövzusudur.
Türklərin tarixində hunların rolu əvəzsizdir: əvvəl Böyük Hun Dövləti, sonra isə Ağ Hun İmperiyası. Hər dövlətin tarixdə öz yeri, öz rolu olub. Hunlar, yəni həm də indiki macarlar türklərin adını, qəhrəmanlığını, şücaətini göylərə qaldırıblar. Mən keçmiş SSRİ dövründə əsgərliyimi Macarıstanda keçmişəm. Eynən bizə, türklərə oxşayırlar, bizim kimi əməksevər, bizim kimi qonaqpərvər...
Yeməkləri də bizimkilərə çox yaxındır. Macarların dilində çoxlu türk sözü var, almaya alma, üzümə üzüm deyirlər. Macarıstanda hərbi xidmət keçən zaman onların qədim türk tayfaları olduğunu bilmirdim, mənə qəribə gəlirdi, türk sözləri macarların dilində haradandır... Əsgərlikdən sonra universitet illərində maraqlandım və öyrəndim ki, macarlar da elə bizim kimi türk olublar, xristianlığı sonradan qəbul ediblər. Macarlar özlərini madyar, ölkələrini Hunqariya adlandırıblar ki, bu da Hun tayfalarının yaşadığı məkan anlamına gəlir. Təsadüfi deyil ki, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir və indi də qədim hunların tarixini az-çox bilən macarlar özlərini türk hesab edirlər.
İndi də hunların Qərbi Türküstana gəlişi, onların bu məkanda imperiya yaratması, inkişafı, dünyada şöhrət tapması haqqında...
IV əsrdə Böyük Hun Dövləti və ya Avropa Hun İmperiyası (Qara Hunlar) süqut etdikdən sonra hun tayfalarının böyük hissəsi İdil çayından qərbə doğru irəliləsə də, hunların bir hissəsi Qərbi Türküstana köç edib. Qərbə doğru hərəkət edən hunlar Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirib yürüşü davam etdiriblər. Hunların və digər xalqların qərbə axını "Xalqların böyük köçü" adlanır. Hunların Böyük Çin səddindən Fransaya qədər gedib çıxmaları haqqında da kifayət qədər tarixi məlumatlar var.
Tarixdən bu da məlumdur ki, Sasani dövləti ilə mübarizə aparan hunlar IV yüzilliyin ikinci yarısında Ağ Hun İmperiyasının əsasını qoyublar. İmperiya IV əsrin sonlarında – 567-ci illərdə mövcud olub. Ağ hunlar Qafqazdan Hindistana qədər uzanan geniş ərazilərdə məskunlaşıblar. Ağ hunlar IV yüzilliyin ikinci yarısında Qobi çölündən Xəzər dənizi sahillərinə qədər uzanan geniş ərazidə öz dövlətlərini qurublar.
Hunların digər bir hissəsi Ön Asiya istiqamətində hərəkət edərək Qafqaz dağlarını aşıb, Dəmir Qapı Dərbənd vasitəsilə Azərbaycana, mənbələrdə deyildiyi kimi, Odlar yurduna gəlib. Ağ Hun İmperiyasının sərhədləri Seyhun (indiki Sırdərya) çayı və Səmərqənd ətrafından başlayaraq qərbdə Xəzər dənizinin cənubuna qədər uzanıb.
Ağ hunların qərb qonşuları sasanilər, şimal qonşuları isə göytürklər idi. Ağ rəngi simvolizə edən Ağ Hun İmperiyası V əsrdə hakimiyyətdə olan Eftal xanın adı ilə Eftalitlər dövləti kimi də tanınıb. Buna hunların qərb qolu da deyilib. İmperiyanın bayrağı da ağ rəngdə və üç qırmızı ulduzdan ibarət olub. Ağ Hun İmperiyası indiki Əfqanıstan, Hindistanın şimal-qərb hissəsi, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın bir hissəsi, Pakistan, Tacikistan, Türkmənistan ərazilərini əhatə edib. İmperiyanın paytaxtı Kunduz və Bəlx, rəsmi dili Hun türkcəsi olub. Ağ hunlar iki böyük qəbiləyə bölünüb, Yar və Hun. Dövlətin idarə edilməsi bu qəbilələrin əlində olub.
V yüzilliyin ortalarında sasanilərlə müharibədə İran yaylasının şərq hissələrini və Türküstanı, 484-cü ildə Sasanilər üzərində növbəti qələbədən sonra Heratı ələ keçiriblər. Ağ hunlar qərbdə, Xəzər dənizinin şərq sahillərində, Qırmızı hunlar isə cənubda, Hindistanın şimalı və Əfqanıstanda qurduqları Kidar imperiyasında yaşayıblar.
Bu da məlumdur ki, Ağ hunların bir hissəsi Azərbaycan ərazisində məskunlaşıb, Azərbaycan xalqının formalaşmasında iştirak ediblər. Mənbələr Azərbaycanda qədim dövrlərdə kadusi, orta əsrlərdə isə abdallı adlandırılan tayfaları ağ hunlar hesab edirlər. Orta əsrlərdə "Hun qalası" deyilən, hazırda Tovuz rayonu ərazisində "Hun dərəsi" adlı toponim qorunub saxlanılır və buranın əhalisi özlərini hunların varisləri hesab edir. Bir zamanlar Dəmir qapı Dərbənd Dərbənd Hun Qapıları da adlanıb.
Ağ rəngi simvolizə edən Ağ Hun İmperiyası Ağsuvar xanın dövründə bir sıra əraziləri tutub. 430-cu ildə hakimiyyətə gələn Ağsuvar xan Firuz şaha Sasani taxtına çıxmaqda yaxından kömək göstərib. Lakin bu hadisədən az sonra Firuz şah Ağsuvar xana qarşı çıxaraq Ağ hunlarla müharibə elan edib. Düşmənə qarşı "Turan taktikası"ndan istifadə edən Ağsuvar xan Sasani ordusunu mühasirəyə alıb. Firuz şah hər iki ordunun döyüşçülərinin gözləri qarşısında Ağ Hun hökmdarının qarşısında diz çöküb bağışlanması üçün yalvarıb. Ağsuvar xan Firuz şahı bağışlayıb. Çox keçmədən Firuz şah yenidən Ağ Hun torpaqlarına hücum edib və uduzub. 484-cü ildə Heratda olan döyüşdə Ağsuvar Firuz şahı mühasirəyə alaraq övladları ilə birlikdə öldürüb, iki qızı əsir alınıb.
İmperiyanın ən parlaq dövrü Toraman Təkinin hökmdarlığı dövründə olub, Toraman Təkinin zamanında Ağ hunlar Şimali Hindistana yürüşlər edib, Pəncab işğal olunub. Sakala şəhəri dövlətin paytaxtı olub, sərhədləri genişlənib.
Toraman Təkin 515-ci ildə vəfat edib və yerinə oğlu Mihiraqul keçib. İmperiyanın ən qüdrətli dövrü VI yüzillikdə həm də Mihiraqul xanın adı ilə bağlıdır. VI əsrdə Mihiraqul xanın zamanında Hindistanın şimal-qərbi işğal olunub. Mihiraqulun dövründə Ağ Hun İmperiyası özünün ən qüdrətli dövrünü yaşayıb. O, döyüş fillərindən ibarət güclü ordu yaradıb. Ağ Hun İmperiyasının geniş ərazilərə yayılması dövlətin daxilində parçalanmaya səbəb olub.
533-cü ildə Mihiraqul xan xəstələnərək vəfat edib və həmin il Mihiraqulun qardaşı Xıranaqul hakimiyyətə keçib, 540-cı ilədək hökmdar olub. O, zəif hökmdar kimi ad çıxarıb, əylənməyi çox sevib. O, həm də vəhşi filləri qulların üzərinə buraxıb, fillərin onları öldürməsi səhnəsinə saatlarla tamaşa edərmiş.
Ağ Hun İmperiyasının son hökmdarları bunlardır: Laxana Udayahitya, Xinqala Narendratitya, Purvaditya, Napki Malka. Bu dövrdə yeni yaranan Göytürk İmperiyası Ağ hunlara qarşı çıxır, 567-ci ildə Sasani və Göytürklər birləşərək Ağ Hun Dövlətini süquta məcbur edirlər, torpaqları Sasanilər və Göytürklər arasında bölüşdürülür.
Ağ hunlar başqa türk tayfalarından fərqli olaraq oturaq həyata daha tez keçiblər və şəhərlərin salınmasında mühüm rol oynayıblar. Əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıqla, Böyük İpək Yolunun üzərində yerləşdikləri üçün ticarətlə məşğul olublar. Alış-veriş zamanı üzərində toxar yazısı olan metal pullardan istifadə ediblər. Çinlilər onları cəsur döyüşçülər adlandırırdılar. Oğurluq böyük cinayət hesab olunub və oğurluğa görə adamlar edam edilib. Ağ hunlar Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynayıb. Ağ hunlardan olan çul tayfasının bir hissəsi Dərbənd ətrafında məskunlaşıb.
Onu da deyək ki, Ağ Hun İmperiyası haqqında əsas mənbələr Çin dilindədir.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd