Zaqatalada Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Güldanə Zərifin (Ramazanova) 75 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.
Geniş oxucu auditoriyası bir neçə ay əvvəl Bakıda, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında imza günü keçirilən Güldanə Zərifin zərif poetik duyğuları ilə yaxından tanış olmuşdu. Bu günlərdə isə doğma yurdu Zaqatalada yubiley məclisinə toplaşanlar onun şeir dünyasına səyahətdən əsl mənada zövq aldılar.
AYB Şimal-Qərb regional bölməsinin sədri Əlmaniz Ələkbərli, şəhid anası Züleyxa Davudova, bölgə şairlərindən Nəbi Mülkümov, Qərənfil İsrafilqızı, Nüsrət Musa, Kifayət Müttəllibqızı, Şirin Qəlbinur, Mehriban Muradova, Şükufə Göyçəli, Adilə Aslanova, Gülbahar və Sürayyə Cahanlı bacıları Güldanə xanımın yaradıcı uğurlarından bəhs etdilər, onun “Payızın baharı”, “Kədər axtarıram”, “Sevən ürək” və s. kitablarının bədii məziyyətlərini önə çəkdilər, şeirlərini səsləndirdilər. Gecədə yubilyarın həm də nəğməkar şair olduğu vurğulandı və sözlərinə yazılmış mahnılar səsləndirildi.
Sonda Güldanə Zərif çıxış edərək bütün iştirakçılara minnətdarlığını bildirdi və yeni şeirlərini oxuyaraq, hər kəsə duyğulu anlar yaşatdı.
İlqar HƏSƏNOV
XQ