Dünyanı ağlı ilə duyan, qəlbi ilə görən ulu ozan

post-img

Aşıq Veysəl – 130

Onun adı gələndə, nədənsə, öncə “Uzun, incə bir yoldayım, gediyorum gündüz gecə” misraları ilə başlayan türküsünün melodiyaları qulaqlarımda səslənir. Aşıq Veysəl poeziyasının qanadlarında ömür-gün haqqında lirik-fəlsəfi duyğular sarır könlümü.

Sonra unudulmaz şair dostum Məmməd Aslanın türk xalq şeirinin azman sənətkarı barədə yazdıqlarını və dediklərini xatırlayıram. Məmməd əmi danışırdı ki, uşaq ikən Veysəlin bir gözü çiçək xəstəliyi səbəbilə tutulandan sonra bağçada dərdiyi gülün tikanı o biri gözünə batıb və gələcək ozan görmə imkanını tamam itirib. Özünün şeirlərindən birində bu barədə misralar da var:

310-da gəlmiş idim cahana,
Dünyanı görmədim mən qana-qana.
Qədər böylə imiş, çiçək bəhanə,
Lövhü qələm qara yazmış yazımı.


İlk misradakı “310” rəqəmi miladi təqvimlə 1894-cü ildir. Buradakı “çiçək” sözünün isə xəstəliyəmi, yoxsa bağçadakı həmin tikanlı güləmi aid olduğu bilinmir.

Mən İstanbulun məşhur Gülhanə parkında Aşıq Veysəli ziyarət etmişəm. Ulu ozanın qocaman ağacların çətiri altında, sazı ilə birgə oturaq halda yapılmış heykəlinə xeyli baxmış, məşhur “Qara torpaq” şeirindən əzbər bildiyim ölməz misralarını onun özünə pıçıldamışam:

Qarnın yardım qazmağınan, belinən,
Üzün yırtdım dırnağınan, əlinən, –
Yenə məni qarşıladı gülünən
Mənim sadiq yarım qara torpaqdır.

Məmməd Aslan isə abidəsi də, məzarı da gül-çiçəkdən əskik olmayan ulu ozana həsr etdiyi şeirində yazırdı:

Kor olan göz var ki, bir elə işıq
Gətir xəyalına qoca Veysəli.
Dünya işığına tamarzı aşıq
İşığa çıxarıb böyük bir eli.

Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Anadolunun Sivas vilayətində, Əfşar boyunun Şatırlı obasında anadan olub. Ondan əvvəl 2 bacısı geniş yayılmış çiçək xəstəliyindən tələf olubmuş. Bu azar Veysəldən də yan keçməyib. Sonralar başına gələni belə xatırlayıb: “Yağışlı bir gündə, evə qayıdarkən yıxıldım və bir daha ayağa dura bilmədim. Çiçək xəstəliyinə yoluxmuşdum... Əvvəl sol gözüm tutuldu, daha sonra isə sağ... Həmin gündən dünya mənim üçün bir zindandır”...

Amma qalan ömründə Veysəl dünyaya qəlbinin gözü ilə baxıb. Onun fikrincə, aşıq işıqlı dünyada baş verən olaylara gözləri ilə deyil, könlü, ürəyi ilə baxmalıdır. Elə buna görə də o, gözlərini açmaq belə mümkün olsa da, buna icazə verməyəcəyini söyləyib. Sanki gözləri açılsaydı, onun könül dünyası dağılıb gedəcəkdi.

Veysəlin əkinçi olan atası sazı-sözü sevər, daim evinə el sənətkarlarını qonaq gətirərmiş. Oğlu da onların şeirlərini əzbərləyib deyərmiş. Atasının Veysələ aldığı saz onun həyatının ən böyük sirdaşı olub. Dərd-sərini bu sehirli alətlə bölüşdürüb. Dərd-sər də ki, taleyinə yetərli qədər yazılıbmış. Aşıq Veysəl 25 yaşında evlənir, lakin bu izdivac ona xoşbəxtlik gətirmir. Bir neçə il sonra həyat yoldaşı Əsma altı aylıq qız uşağını da onun üstünə atıb gedir. Sonra aşıq 2-ci dəfə evlənir və bu evlilikdən daha bir neçə övladı olur.

1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10 illiyində Aşıq Veysəl Sıvasdan Ankaraya piyada gələrək, orada bir müddət qəhvəxanalarda sazı və Yunus İmrədən, Pir Sultan Abdaldan, Qaracaoğlandan, Dadaloğludan öyrəndiklərini ustalıqla təqdim edir. Türkü və saz ifaçılığında ustalaşır, özü də şeirlər yazmağa başlayır. Sazı ilə çıxışlar edib və daha geniş tanınmağa başlayıb. Ardınca özü də könül duyğularını şeir misralarına çevirib. İlk şeiri Cümhuriyyətin yubileyinə həsr edib milli bayramda söylədiyi “Atatürkdür Türkiyənin əhyası” adlanırdı. “Deyişlər”, “Sazımda səslər”, “Aşıq Veysəl”, “Dostlar məni xatırlasın” kimi kitabları çap olunub. Kənddə saz müəllimliyi edərək ozan sənətini gənclərə də öyrədib. 1965-ci ildə Türkiyə Böyük Millət Məclisi Aşıq Veysələ “Ana dilinə və Milli Birliyə etdiyi xidmətlərinə görə” özəl bir qanunla maaş kəsib. O isə insanlara, yurddaşlarına xidmət etməyi özünə borc bilərək, bağlar, körpülər saldırıb, digər xeyirxah işlər görüb.

Böyük türk ozanı və şairi 1973-cü il martın 12-də doğma kəndi Sivrialanda dünyasını dəyişib. Öləcəyini sanki irəlicədən duyaraq, “bəbə kimi qollarında yaylatdığı” saza üz tutub yazmışdı:

Mən gedərsəm, sazım, sən qal dünyada,
Gizli sirlərimi aşikar etmə.
Lal olsun dillərin, söyləmə yada,
Qərib bülbül kimi ahu-zar etmə.

Həmin dövrün Hümeyra, Fikrət Qızılox və Esin Əfşar kimi sənətçiləri aşıq tərəfindən yazılan mahnıları oxuyaraq, onun şöhrətinin ölkə hüdudularından kənarda yayılmasına vəsilə olublar. Pir kişilərdən, pak söz-sənət azmanlarından sayılan unudulmazın Sivasdakı evi muzeyə çevrilib. Hər il Türkiyədə Aşıq Veysəli anma törəni keçirilir. Onu da xatırladım ki, TÜRKSOY 2019-cu ili anadan olmasının 125-ci ildönümü münasibətilə “Aşıq Veysəl ili” elan edib. 2023-cü ildə isə Aşıq Veysəlin ölümünün 50-ci ildönümü UNESCO-nun yubileylər proqramı çərçivəsində qeyd olunub. Hər iki ildönümü ilə bağlı Azərbaycanda da tədbirlər keçirilib.

Beləcə, Aşıq Veysəlin cismini “sadiq yarı” olan qara torpaq bağrına bassa da, şeirləri və xatirələri yaddaşlara köçüb.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət