Almatıda “Alpamış Batır” dastanına həsr olunmuş beynəlxalq elmi-nəzəri konfrans keçirilib

post-img

Oktyabrın 17-18-də Qazaxıstanın Almatı şəhərində Dostluq Evində Qazaxıstan Respublikasının UNESCO və ICESCO üzrə Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstanın Qeyri-Maddi Mədəni İrs üzrə Milli Komitəsi və Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: “Alpamış Batır” dastanı” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın türk mədəniyyətinin və irsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətlərindən söz açıb. O, Fond tərəfindən həyata keçirilən layihələrin bərpa və muzeyləşdirmə, elmi-tədris, təhsil və yaradıcılıq istiqamətlərində mühüm rol oynadığını vurğulayıb. Həmçinin Fondun aktual layihələri sırasında “Türk Dünyasının Mədəni İrsinin qorunması haqqında” Konvensiyası, ortaq türk mədəni irs obyektlərinin çoxdilli kataloqu - “TurkHeritage”, ümumtürk dəyərlərinin geniş şəkildə işıqlandırıldığı silsilə sənədli filmlərin yayımlandığı “TURKDISCOVERY” rəqəmsal platformasına diqqəti çəkib.

“Türk dünyasının klassik qəhrəmanlıq dastanlarından olan “Alpamış Batır” dastanı bu gün ortaq dəyərimizə çevrilib. “Alpamış Batır” türk xalqlarının dəyərli və bədii yadigarı hesab olunur. O, qədim dövrlərin adət-ənənələrini, idrakını, dünyagörüşünü, gerçəkliyini aydın şəkildə təsvir edir. “Alpamış Batır” dastanı türk xalqlarına birliyi, mənəviyyatı aşılayan milli iftixara çevrilib. Odur ki, bugünkü tədbir gənc nəslin milli şüurunun formalaşması, inkişafı, türk xalqlarının kimliyinin və birliyinin qorunub saxlanması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Aktotı Raimkulova vurğulayıb.

Konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində qazax, rus və ingilis dillərində nəşr olunan “Alpamış Batır” dastanının təqdimatı keçirilib. Bu nəşrin müxtəlif dillərdə yayımlanmasında məqsəd türk xalqlarının ortaq mənəvi irsini yaşatmaq, eləcə də geniş beynəlxalq auditoriyaya çatdırmaqdır.

Konfrans panel və sessiyalarla davam etdirilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Rusiya Federasiyasından (Ufa, Kazan, Novosibirsk) tanınmış alimlər məruzələr söyləyiblər.

Həmçinin konfrans çərçivəsində “Alpamış Batır” dastanının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün beynəlxalq ekspertlər tərəfindən namizədliyinin irəli sürülməsi ilə bağlı müzakirələr aparılıb.

Beynəlxalq konfransda türkdilli dövlətlərdən, eləcə də digər xarici ölkələrdən alimlər – dilçilər, tarixçilər, filosoflar, dastançılar, folklorşünaslar, ədəbiyyatşünaslar, sənətşünaslar, mədəniyyətşünaslar, ali təhsil müəssisələrinin professorları iştirak ediblər.











Mədəniyyət