Avropaya ilkin mərhələdə 4 qiqavat yaşıl enerji tədarük edəcək, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın qoşulacağı bu iddialı layihənin texniki-iqtisadi əsaslandırmasının ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Dəhlizin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatı COP29 çərçivəsində keçiriləcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim ediləcək.
Bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan energetikasında yaşıl era” məqaləsində qeyd olunub.
Nazirin sözlərinə görə, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığı 2022-ci ilin dekabr ayından etibarən layihə üzrə Nazirlər/Rəhbər Komitənin 8 iclası keçirilib.
“Bu ilin sentyabrında qərargahı Buxarestdə olan Birgə Müəssisə yaradıldı. Dəhlizin reallaşdırılması ilə bağlı proseslərə gələn ildən başlanması planlaşdırılır. Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Bu, Avropanı həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq vacib layihədir. Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir”, - deyə nazir qeyd edib.
Pərviz Şahbazovun sözlərinə görə, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur: “Beləliklə, Avropada təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda “təmiz enerji”yə keçidi sürətləndirəcək “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizləri ümumavrasiya miqyaslı vahid “yaşıl enerji platforması” olmağa iddialıdır. Azərbaycanın liderlik etdiyi bu layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpa olunan enerji sistemində istehsalla istehlak mərkəzlərini, regionları və qitələri əlaqələndirəcək, balanslaşmanı təmin edəcək. Avropaya yaşıl enerjini müxtəlif marşrutlarla Azərbaycan, Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq. Bu gün interkonnektorların şəbəkə dayanıqlığının artırılmasında və regionlar arasında daha geniş bərpa olunan enerjinin inteqrasiyasının dəstəklənməsində mühüm rolu ilə bağlı qlobal səviyyədə olan çağırışları nəzərə aldıqda ölkəmizin proaktiv addımlar atdığı bir daha aydın görünür”.