Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərgi açılacaq.
Bu barədə Xalça Muzeyindən məlumat verilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
Sərginin məqsədi müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir.
“İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq. Sərgidə, həmçinin şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir-birindən fərqli sənət nümunələri də yer alacaq.
Açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi olacaq, Rüfət Rzayev həsirin toxunması, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin üzvləri toxuculuq üzrə ustad dərsləri keçəcəklər.
Sərgi noyabrın 30-dək davam edəcək.
Sərgiyə biletləri itiket.az saytından əldə edə bilərsiniz: https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1