XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib

post-img

Azərbaycan Tibb Universitetində “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda keçirilən beynəlxalq konqresdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan pediatriyasının inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov bildirib ki, uşaqlar hər bir dövlətin, bəşəriyyətin gələcəyidir. Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların sağlamlığı və qorunmasıdır. Ana və uşaqların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Bu istiqamətdə çoxsaylı işlər görülmüşdür. Azərbaycan Tibb Universitetinin yüksək ixtisaslı həkim-pediatrların hazırlanmasında böyük əməyi var və bu təcrübə daha geniş şəkildə davam etdirilməkdədir. Uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, neanatoloqların, uşaq nevroloqlarının, uşaq cərrahları və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir.

Milli Məclisin deputatı Müşfiq Məmmədli konqresdə çıxış edərək dünyanın hər yerində uşaqlara qayğının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti Azərbaycanda milli strategiyaya çevrilib. Ölkəmizdə uşaqlara həmişə məhəbbətlə yanaşıldığını, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradıldığını vurğulayan millət vəkili, uşaq hüquqlarının müdafiəsi sahəsində real, güclü qanunvericilik bazasının formalaşdığını söyləyib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıdan da bəhs edən M.Məmmədli onun təşəbbüsü ilə bütün uşaqların, xüsusilə də həssas qrupa aid uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb. O, çıxışında Azərbaycanın, eləcə də dünyanın tanınmış pediatrı, mərhum akademik Adilə Namazovanın pediatriya sahəsindəki böyük xidmətlərindən də məmnunluqla söhbət açıb.

Səhiyyə Nazirliyinin nümayəndəsi Aynurə Zeynalova vurğulayıb ki, uşaqların özləri və onların sağlamlıq problemləri necə müxtəlifdirsə, pediatriyanın istiqamətləri də fərqlidir. Bütün pediatrik ixtisasların bir pediatriya çətirinin altında qərarlaşdığını deyən A.Zeynalova, bugünkü konqresin pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən mövzulara həsr olunacağına diqqət çəkib: “Konqres çərçivəsində keçirilən elmi sessiyalarda ən son elmi məlumatlar, ən yaxşı beynəlxalq təcrübələr müzakirə olunacaq. İnanıram ki, konqresin iştirakçıları öyrəndiklərini praktikada tətbiq edə biləcəklər. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin bu məsələyə çox həssaslıqla və diqqətlə yanaşması sayəsində son illərdə uşaqların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür. Bu istiqamət milli səhiyyənin prioritet istiqamətlərindən birinə çevrilmişdir.”

Daha sonra çıxış edənlər Qırğızıstandakı Avrasiya Uşaq Həkimləri Federasiyasının prezidenti, professor Kamçibek Uzakbayev, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Avrasiya Uşaq Həkimləri Federasiyasının fəxri sədri, professor B. Kaqanov, Rusiya Elmlər Akademiyasının Akademiki, Rusiya Avrasiya Uşaq Həkimləri Federasiyasının Birinci vitse-prezidenti, professor Aleksandr Qorelov, Çin Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, professor Sun Hujie, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xəstəxanalarının Əməkdaşlıq Alyansının direktoru, professor Jiao Fuyun, Belarusun “Maть и дитя” Respublika Elmi -Praktiki Mərkəzinin dosenti Larissa Qorbaç konqresin işini yüksək qiymətləndirərək, gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Açılış mərasimindən sonra konqres öz işini elmi sessiyalarla davam etdirib.

Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, MDB Ölkərinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə çıxışında Azərbaycan Pediatrlar Assosiasiyasının ölkəmizdə uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və milli pediatriyanın inkişafındakı xidmətlərindən söhbət açıb.

O, pediatriya sahəsində xidmətlərə yeni yanaşmanın tətbiq edilməsinin zəruriliyinə də toxunaraq bildirib ki, uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşdirilməlidir: “Konqresin keçirilməsində əsas məqsəd uşaqlara göstərilən tibbi yardımın təşkilini daha da yaxşılaşdırmaq və təkmilləşdirməkdən ibarətdir. Konqresdə klinik pediatriyanın aktual problemləri, uşaqlarda rast gəlinən xəstəliklər nəticəsində baş verən ölüm hallarının azaldılmasına dair istifadə olunan müasir müalicə üsulları və profilaktik tədbirlərin müzakirəsi olacaq. Əminəm ki, bu möhtəşəm tədbir pediatriya sahəsində tanınmış görkəmli alim və həkimləri bir araya gətirəcək və nəticədə yeni layihələrin daha da səmərəli həyata keçirilməsinə stimul verəcək”.

Tədbirin bədii hissəsi musiqili proqramla davam edib.

Daha sonra davam edən konqres çərçivəsində ana və uşaq sağlamlığı, ümumilikdə pediatriyanın inkişafına yönəlmiş mövzular üzrə plenar iclaslar keçirilib, elmi-tədqiqat işlərinin mühüm nəticələri müzakirə edilib. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Dağıstan, Tacikistan, Belarus və digər ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin elmi işçiləri, pediatrları, ali təhsil müəssisələrinin müəllimləri və səhiyyə sahəsi üzrə mütəxəssisləri fikir mübadiləsi aparıblar.

XQ













Səhiyyə