Azərbaycandan gələn qonaqlar səfirliyimizdə olublar

post-img

Özbəkistanda səfərdə olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ölkəmizin Özbəkistandakı səfirliyində olub, səfir Hüseyn Quliyevlə görüşüb. 

Görüşdə həmçinin ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ankaradakı “Turan” Akademiyasının Azərbaycandakı təmsilçiləri Fərahilə Şükürova və Niyaməddin Şükurov iştirak ediblər. 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları salamlayıb, ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Səfir qeyd edib ki, Azərbaycanla Özbəkistan dost və qardaş ölkələrdir, bütün sahələrdə əməkdaşlığımız durmadan inkişaf edir. Bu il avqustun 22-23-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri əlaqələrimizin daha da dərinləşməsinə təkan verib. Elə həftə olmur ki, ölkəmizdən Özbəkistana müxtəlif səfərlər olmasın. Bu da münasibətlərimizin səviyyəsindən xəbər verir. 

Səfir bildirib ki, bu il iyulun 5-6-da  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Özbəkistan Prezidentinin ötən il avqustun əvvəlində Azərbaycana səfəri zamanı isə Özbəkistanın vəsaiti hesabına Füzuli şəhərində tikilən 960 nəfər şagird yerlik 1 nömrəli tam orta məktəbin açılışı olub. Bu, sözün əsl mənasında qardaşlıq köməyidir. 

Mahirə Hüseynova Özbəkistana səfəri, Cizzakda keçirilən konfrans haqqında məlumat verib, buradakı görüşlərindən danışıb. O deyib ki, ADPU ilə Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universiteti və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoju Universiteti ilə əməkdaşlığa dair razılıq əldə olunub, Cizzak universiteti ilə Memorandum imzalanıb. 

Sonra Hüseyn Quliyev Mahirə Hüseynovaya səfirliyin diplomunu təqdim edib. 
 
Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd

 

 







Mədəniyyət