Türk dünyası sevdalısı Qənirə Paşayeva

post-img

Tanınmış ictimai xadim, jurnalist, bir neçə çağırış Milli Məclisin deputatı seçilmiş, son 3 ildə parlamentin Mədəniyyət komitəsinin sədri olmuş Qənirə Paşayeva (1975–2023) yorulmaz həyat və fəaliyyəti ilə daim seçilirdi.

Ötən il dünyasını vaxtsız dəyişməsi Qənirə Paşayevanı tanıyan hər kəsi məyus etmişdi. Mərasimlərdən birində Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı onun Türk dünyasına qəlbən bağlı olduğunu vurğulayaraq bildirib: “Qənirə Paşayeva Türk dünyasının cəsur qadını idi. O, az ömür sürsə də, üç insan ömrünə bərabər iş görərək, özündən sonra iz qoyub getdi”.

Qənirə Ələsgər qızı Paşayeva 7 mart 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin “Pediatriya” fakültəsini və Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsini bitirib. Rus və ingilis dillərini səlis bilirdi. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor idi. Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilmişdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifi,

20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub. O, həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri kimi məhsuldar fəaliyyət göstərib. 1998-ci ildən ANS televiziya şirkətində işləyib. Bir müddət Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. Qənirə Paşayeva bir çox sahələrdə çalışsa da, hər zaman siyasətə marağı ilə də seçilib. Məhz bu maraq onu deputatlığa qədər aparıb. Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri idi.

Bu günlərdə Türkiyədə araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə “Qənirə Paşayeva. Portreti” adlı xatirə kitabı işıq üzü görüb. Yeni məqalələr toplusunda bu kimi fikirlər üstünlük təşkil edir. Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb. Məqalələrdə Q. Paşayevanın ictimai-siyasi fəaliyyətinə, Türk dünyasının birliyi və inkişafına verdiyi töhfələrə dair düşüncələr geniş işıqlandırılır. Müəlliflər onun şəxsiyyəti və gördüyü işlər haqqında fikirlərini ehtiramla bölüşərək, ictimai xadim kimi fəaliyyətini vurğulayırlar.

Şəhla Aslan bildirib ki, bu kitab Qənirə Paşayevanın düşüncələrini və onun haqqında olan fikirləri gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyətli bir mənbədir: “Türkiyənin tanınmış şəxslərinin yazıları vasitəsilə mərhum Qənirə xanıma olan sevgilər onun həyat yoluna işıq tutur. Kitab Türkiyənin müxtəlif kitabxanalarına və mədəniyyət mərkəzlərinə təqdim ediləcək”.

Qənirə xanım qardaş Türkiyəni Azərbaycan qədər sevirdi. Özü də, ümumilikdə, Türk dünyasında geniş hörmət və rəğbət qazanmışdı. Xatırladaq ki, bundan əvvəl də Qənirə Paşayevanın qardaş ölkədə kitabları çıxıb. Hələ 2010-cu ildə Mustafa Kamal Paşa Atatürkə həsr olunmuş “Dünyanın itirdiyi Böyük İnsan” (TÜSİAB yayınları) kitabı məktəblərə, universitetlərə, kitabxanalara və hərbi hissələrə pulsuz paylanılıb. 2013-cü ildə o, “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabı” adlı çoxcildliyindən toplanan gəliri bütünlüklə İraq türkmanı olan yetim bir qızın ali təhsil alması üçün Beynəlxalq Kərkük Mədəniyyət Dərnəyinə bağışlayıb. 2014-cü ildə Amasyada “Məndən sonra...”, “Səndən sonra...”, “O...”, “Hesab vaxtı” və digər kitabları təqdim olunub. İmza günündə Qənirə xanım şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomunu da oxuculara hədiyyə edib.

Növbəti illərdə yazar İmdat Afşarın Türkiyə türkcəsinə uyğunlaşdırmasında onun “Allah sevən qəlblərdədir (“Səni Allaha eşq çatdırır”), “Eşq başqa”, həmmüəllifi olduğu “Qarabağ hekayələri” kitablarının Ankara və İstanbul, Kahramanmaraş şəhərlərində, Nevşəhər və Bayburt vilayətlərində, Malatya, Sinop, Sakarya, Aydın bölgələrində təqdimatları olub. Əsərlərinin satışından əldə edilən vəsait isə yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsinə yönəldilib.

Qənirə Paşayeva imzası “Nobel mükafatlı qadınlar”, Azər Turanla həmmüəllifi olduğu “Əlibəy Hüseynzadə Turan”, “İtirdiyim mutluluq” və “Yalnızlıq alın yazımdır”, “Müasir Avropa təhlükəsizliyi:Yeni çağırışlar və təhdidlər (Cənubi Qafqaz münaqişələri timsalında)”, “Addım-addım Özbəkistan” adlı kitabları da bəzəyir.

Onun müəllifi olduğu və özünün iştirakı ilə çəkilən son ekran işi də böyük Turan mövzusunda idi. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” adlı həmin sənədli filmlə bağlı çəkilişlər Türkiyənin 57 vilayətində aparılıb. Turan dünyasının birlik ismarıcları filmin ana xəttini təşkil edir. Filmin rejissoru Elnurə Kazımova Qənirə Paşayeva ilə birgə ərsəyə gətirdikləri ekran əsərindən danışarkən dedi ki filmin çəkilişində mərhum deputat çox əziyyət çəkmuşdi. “Qənirə xanımın xatirəsinə ehtiram olaraq filmi davam etdirəcəyəm”.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət