Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Həmid Abbas - 90” adlı kitab sərgisi açılıb

post-img

Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, jurnalist, tərcüməçi Həmid Abbasın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Əməkdar incəsənət xadimi Həmid Abbas - 90” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan XQ-yə bildirilib ki, sərgidə müəllifin müxtəlif illərdə nəşr olunmuş əsərləri, tərcümələri, eləcə də onun həyat və yaradıcılığına həsr edilmiş kitablar nümayiş olunur.

Qeyd edək ki, Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov) 1935-ci il oktyabrın 10-da Ağstafada anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Filologiya fakültəsindən məzun olub. Əmək fəaliyyətinə 1960-cı ildə tərcüməçi kimi başlayan Həmid Abbas sonrakı illərdə səyyar müxbir və redaktor kimi də çalışıb.

Həmid Abbas ədəbiyyata ötən əsrin 50-ci illərində gəlib. Onun ilk əsəri 1957-ci ildə dərc edilən “Dilican” adlı şeir olub. Daha sonra “Gəncliyin səsi” adlı ədəbi külliyətdə və müxtəlif mətbuat orqanlarında şeirləri yayımlanıb.

Şairin “Tarla qızları” adlı ilk şeir kitabı Abbas Həmid imzası ilə işıq üzü görüb. Müxtəlif illərdə isə “Ömrün elə çağıdır ki”, “Ürəyə toxunma”, “Günahım olsa”, “Dinlədi nəğməmi sirdaşım mənim”, “Nər igidlər, alov saçın”, “Şuşa həsrəti, türk həqiqəti”, “Gözüm səni axtarır” və digər kitabları nəşr olunub.

Mədəniyyət