Beynəlxalq konfransda “yaşıl” enerji təqdimatı

post-img

Energetika naziri Pərviz Şahbazov Almaniyada keçirilən külək enerjisi sahəsində dünyanın ən böyük konfransında Azərbaycanın beynəlxalq əməkdaşlığa əsaslanan “yaşıl” enerji siyasəti barədə məlumat verib. O, ölkəmizdə 2 milyard dollar dəyərində reallaşdırılan 2 QVt-lıq stansiyalar, Xəzər dənizinin 157 QVt külək enerji potensialı əsasında 2037-ci ilədək planlaşdırılan 18 QVt-lıq meqa layihələr və “yaşıl” enerji dəhlizləri barədə danışıb.

P.Şahbazov çıxışında iqlim dəyişikliyinin XXI əsrin ən böyük problemlərindən biri olduğunu, istixana qazlarının atmosferdəki konsentrasiyasının artması nəticəsində günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulması, qlobal istiləşmənin ekosistemlərdə, insan sağlamlığında və iqtisadiyyatlarda ciddi fəsadlar yaratması barədə fikirlərini bölüşüb.

Energetika naziri daha sonra bildirib ki, bəşəriyyətin iqlim böhranı ilə mübarizə aparmaq və onun dağıdıcı təsirlərinin qarşısını almaq üçün 2100-cü ilədək qlobal temperatur artımını 2 dərəcə altında saxlamaq kimi önəmli məqsədi var. Bu məqsədi gerçəkləşdirmək məqsədilə Paris iqlim sazişi qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən maksimum 1,5 dərəcəyə qədər məhdudlaşdırmağı nəzərdə tutur.

Ekologiya