Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Sazın, sözün kəlağayılı Güllüsü” kitabının təqdimatı keçirilib.
İctimai Birlikdən XQ-yə verilən məlumata görə, “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüş kitabın müəllifi yazıçı və araşdırmaçı Vaqif Osmanlı, redaktoru Lalə İsmayıl, rəyçi isə Vüsal Sehranoğludur.
Təqdimatda şairlər Rafael Tağızadə, Brilyant Atəş, Qabil Nəbi, Nigar Xəlilova, Mahir Cavadlı, politoloq, yazıçı Reyhan Mirzəzadə, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, bəstəkar Yaqut Almaz, 225 nömrəli məktəbin direktoru Zemfira Rusalova, türkoloq, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova çıxış edərək, kitab haqqında fikirlərini bölüşüblər.
Kitabın müəllifi Vaqif Osmanlı diqqətə çatdırıb ki, yeni nəşr şair, publisist Güllü Eldar Tomarlının 55 illik yubileyinə töhfədir. Onun sözlərinə görə, kitab publisistin ömür yolundan, yaradıcılığından, ictimai fəallığından bəhs edir. Kitabın növbəti hissəsinin nəşr olunacağını deyən Vaqif Osmanlı qeyd edib ki, bu mərhələdə kəlağayı haqqında şeirlərin başqa dillərə tərcümə olunması nəzərdə tutulub.
Sonda Güllü Eldar Tomarlı iştirakçılara təşəkkürünü bildirib və layihənin önəmindən danışıb.
Anar ƏLİ
XQ