Otuz il köçkün həyatı yaşadı, aşırı çətinliklərlə qarşılaşdı, ancaq öz statusunu saxlamağı bacardı. Bütün əziyyətlərə baxmayaraq, daşıdığı şərəfli adı və sənət dünyasındakı yerini qorudu. Şuşasız yaşadı, ancaq səhnəsiz qalmadı Şuşa teatrı.
Mədəniyyət paytaxtımızın azadlığına qovuşması Şuşa Dövlət Musiqili Dram Teatrını (ŞDMDT) doğma ünvanda yenidən coşğun yaradıcılıq mühitinə qaytardı. Bu gün həm paytaxt Bakıda, həm də əziz Şuşada rəngarəng repertuarla çıxış edən teatr 150-ci mövsümünü də uğurla geridə qoydu.
Teatrın direktor müavini, Əməkdar artist Azad Məmmədov bizə təmsil etdiyi sənət ocağının ötən mövsümdə iş fəaliyyəti, yenilikləri və qastrolları barədə məlumat verdi.
– 150-ci mövsümün açılışını “Molla Nəsrəddini tapın” əsərinin premyerası ilə etdik və yeni səhnə əsəri – “Dağılan tifaq” tamaşası ilə yekun vurduq. Ümumilikdə, ötən mövsüm teatrın yaradıcı heyəti bir neçə yeni səhnə əsəri hazırladı. Belə ki, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Xalq yazıçısı Elçinin “Şekspir” və Asif Kəngərlinin “Bəla” əsərlərinə, Ağaddin Babayevin “Üç qardaş” (“İki qardaş və Divin nağılı”) pyesinə, habelə Astrid Lindqrenin “Balaca və Karlson” əsərinə səhnə həyatı verdi. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin 3-cü ildönümü ilə əlaqədar Azərbaycan və türk şairlərinin şeirləri əsasında hazırlanmış yeni səhnə əsəri “Dəmir yumruq” ədəbi-bədii kompozisiyası nümayiş olundu.
Onu da öyrəndik ki, ötən mövsümdə sənət ocağının kollektivi Şamaxı, Quba, Lənkəran, Masallı, Füzuli şəhərlərində qastrol səfərlərində olub və bir sıra festivallarda çıxış edib. Bu il ŞDMDT-nin həyatında əlamətdar bir hadisə də yaşanıb – teatra aparıcı status verilib və bu, yaradıcı heyəti daha da ruhlandırıb.
Azad Məmmədov söylədi ki, ötən mövsüm sənət ocağı bir beynəlxalq teatr bayramında – Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən “Xoşbəxtlik dövrünün teatr sənəti” adlı IV Beynəlxaq Teatr Festivalında ölkəmizi təmsil edib və Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı göstərib. Əməkdar artist yaradıcı heyətin Şuşa şəhərində keçirilən festivallarda, mədəni tədbirlərdə də böyük həvəslə çıxış etdiyini bildirdi.
– Bildiyiniz kimi, dövlətimiz dünyaya səs salan Böyük Zəfəri qazandıqdan və suveren ərazisini tam bərpa etdikdən sonra Şuşamızda beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb. Biz Şuşa teatrı olaraq, “Xarıbülbül” festivalında, “Vaqif Poeziya Günləri”ndə müxtəlif kompozisiyalarla çıxış edirik. Builki poeziya bayramında teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovun quruluşunda İlqar Fəhminin qələmə aldığı “Füzuli hücrələri” və “Vaqiflə səyahət” ədəbi-bədii kompozisiyaları ilə təmsil olunduq. İndiyədək azad Şuşada 10-dan artıq səhnə əsəri təqdim etmişik. Bundan sonra daha böyük layihələrlə çıxış edərək, teatrımızın əvvəlki şan-şöhrətini geri qaytaracağıq. Bunun üçün bütün gücümüzü səfərbər etmişik. İstər paytaxt tamaşaçıları, istərsə də şuşalı teatrsevərlərin etimadını doğrultmağa davam edəcəyik.
Ceyhun ALIŞLI