Atom reaktoru və teleskop məsələsi

post-img

Ötən ilin oktyabrında növbəti 74-cü Beynəlxalq Ast­ronavtika konqresinin 50 ildən sonra yenidən Bakıda ke­çirilməsi ölkəmizə göstərilən diqqətin daha bir təzahürü idi. Bu əlamətdar hadisə Lənkəran Dövlət Universitetinin (LDU) keçmiş rektoru, texnika elmləri doktoru, professor Mirzə Bağırovun 1973-cü ildə Bakıda keçirilən 24-cü Konqreslə bağlı xatirələrini yada saldı. 

O zaman mən LDU-da mətbuat xidmətinin rəhbəri idim və rektorun ümummilli lider Heydər Əliyevin iştirak etdiyi həmin konqreslə bağ­lı maraqlı söhbətlərini çox dinləmişdim. EA partiya ko­mitəsinin katibi işlədiyi 8 il müddətində onun Ulu öndərlə yadda qalan, xeyli unudulmaz xatirələri olub. Uzaqgörən siyasətçinin təşəbbüsü ilə “Kosmik tədqiqatların elm və texnologiyaya təsiri” devizi altında keçirilmiş 24-cü Bey­nəlxalq Astronavtika Konqre­sini, oradakı tarixi nitqini də xüsusi qeyd edirdi. 

Konqresdən sonra, 1974-cü ilin may ayında pro­fessor Mirzə Bağırov Azərbay­can EA Radiasiya tədqiqatlar bölməsinin rəhbəri təyin olu­nub. Burada radiasiya və elektrofizika istiqamətində elmi işlər aparılırdı. Qarşıya bir məqsəd kimi Azərbaycan­da atom-nüvə reaktoru yara­dılması ideyası qoyulmuşdu. Bu, respublikada həm nüvə fizikasının, həm də elmin başqa sahələrinin inkişafında mühüm rol oynayacaqdı.

Söhbət həmin reaktorun yaradılmasından düşəndə professor dedi:

– Atom-nüvə reaktorunun Sumqayıtın yaxınlığında – Ceyranbatan gölü ətrafında salınması nəzərdə tutulmuş­du. İlkin planlaşdırma da aparılmışdı. Amma tikintisinə SSRİ EA-nın razılığı olmalı idi. Akademiyanın preziden­ti ilə danışıq aparmaq mənə tapşırılmışdı. SSRİ EA-nın prezidenti ilə Qazaxıstanın ovaxtkı paytaxtı Alma-Atada görüşdüm. EA Qazaxıstanda mühüm elmi konfrans təş­kil etmişdi. İşinin çoxluğuna baxmayaraq, SSRİ EA-nın prezidenti məni qəbul etdi və məsələ ilə əlaqədar onu məlumatlandırdım. O, işimizi yüksək qiymətləndirdi, bildirdi ki, məsələ rəhbərlik qarşısın­da qaldırılacaq. Bu sahə üzrə kadrların və lazımi vəsaitin olmaması hələlik çətinlik yara­dırdı. EA-nın prezidenti bildirdi ki, işə diqqəti artıracaq, lazımi kömək göstərəcək. 

Professor Mirzə Bağıro­vun söhbətindən aydın oldu ki, sonralar SSRİ-nin tənəz­zülü və müttəfiq respublikalar arasında əlaqələrin pozulması üzündən bu məsələ öz həllini tapmadı. Amma alim ümidini itirməmişdi. Deyirdi ki, vaxt gələr, Azərbaycanda kosmik sahənin öyrənilməsinə də yeni imkanlar açılar. Budur, illər keçəndən sonra ölkəmiz­də kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Azərbaycan bey­nəlxalq kosmik ailənin fəal üz­vünə çevrilib. 

Beləcə, 74-cü Beynəlxalq Astronavtika konqresi profes­sor Mirzə Bağırovun daha bir xatirəsini yada saldı. Həmin xatirəni də oxuculara çatdır­maq istəyirəm. 

Azərbaycan akademiyasının qələbəsi

– N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün müasir tipli teleskop almaq la­zım idi, – professor Mirzə Ba­ğırov dedi. – Az sonra eşitdik ki, Azərbaycan üçün ayrılmış müasir tipli teleskop Ermə­nistan EA-ya veriləcək. Bu məsələnin SSRİ hökumətində yüksək vəzifələrdə işləyən və həmişə öz millətini dəstək­ləyən Anastas Mikoyanın va­sitəsilə onların xeyrinə həll edildiyi bildirilirdi. 

Yuxarı təşkilatlara müra­ciətimiz heç bir səmərə ver­mədi. EA partiya komitəsinin yığıncağında qəbul edilmiş qərar da cavabsız qaldı. Bir partkom kimi fikrimi aka­demiyanın prezidenti Yusif Məmmədəliyevə çatdırdım. Rəyasət heyətinin üzvləri də partiya təşkilatının qərarını müdafiə etdilər. Amma məs­ləhət görüldü ki, məsələni yoluna qoymaq üçün şəxsən Azərbaycan EA-nın preziden­ti özü Moskvaya getməlidir. Mən onda Polşa Respublika­sına elmi səfərə hazırlaşırdım. Akademik Mikayıl Hüseynov da Moskvada idi. Yusif müəl­lim mənə dedi ki, Polşadan qayıdanda Moskvada ona baş çəkim.

Yusif Məmmədəliyev SSRİ Ali Sovetinin deputatı idi və onun “Rossiya” mehmanxa­nasında daimi bron yeri vardı. Elmi ezamiyyətdən qayıdan kimi Yusif Məmmədəliyevə zəng etdim. Dəstəyi akademik Mikayıl Hüseynov götürdü. Səsimi eşidən kimi sevincək dedi:

– Mirzə, teleskopu almı­şıq, təcili yanımıza gəl!

Qapını Yusif Məmmədəli­yev açdı, qucaqlaşıb bir-biri­mizi təbrik etdik. Əlbəttə, bu böyük qələbə idi – Azərbay­can EA-nın Ermənistan EA-nın üzərində qələbəsi. Hətta yuxarı dairələrdə işləyən er­mənilər və onların havadarları da Azərbaycan EA-nın prezi­denti, görkəmli şəxsiyyət, ta­nınmış alim Yusif Məmmədəli­yevin şəxsi hörməti və nüfuzu qarşısında istədiklərinə nail ola bilməmişdilər.

Sən demə, teleskop məsələsi Sov.İKP MK Siyasi Bürosu səviyyəsinə çıxıbmış. Mən birinci dəfə idi ki, Siyasi Büro qərarının surətini görür­düm. Gözümə inanmadım, amma bu, həqiqət idi. Maraqlı burası idi ki, erməni millətinin havadarı Anastas Mikoyan da qərarın 2-ci nüsxəsinə “Mən dəstəkləyirəm” sözlərini yaza­raq imza atmışdı.

Hacı Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru

Mədəniyyət