Dünən Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransı keçirilib və ötən 5 ildə görülmüş işlərə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyənləşdirməklə bərabər, İdarə Heyətinin yeni tərkibinin və sədrin seçkisi gerçəkləşdirilib.
Konfransda Teatr Xadimləri İttifaqının üzvləri və respublikanın tanınmış mədəniyyət xadimləri iştirak edirdilər. Əvvəlcə İttifaqın hesabat dövründəki fəaliyyətini əks etdirən geniş videoçarx nümayiş olundu və hesabat dövründə dünyasını dəyişmiş sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu yaradıcı ictimai qurum ötən əsrin 50-ci illərindən etibarən formalaşıb və daim milli teatr sənətimizin inkişafına xidmət göstərib. İttifaqın zəngin və çoxşaxəli fəaliyyətinin təkcə son illərinə nəzər salsaq, necə məhsuldar çalışmalarının olduğunu görərik. Klassik və mono tamaşa festivalları, beynəlxalq səviyyəli teatr bayramları, “Qızıl Dərviş” kimi sənət mükafatlarının təsis edilməsi və sair ATXİ-nin fəallıq barometrinin göstəriciləridir.
Əslində, ATXİ-nin qurultayını oktyabr ayında keçirmək nəzərdə tutulurdu. Amma sentyabrın 1-də parlament seçkiləri, daha sonra isə möhtəşəm COP29 beynəlxalq tədbiri keçiriləcəyinə görə konfransı tez keçirmək qərara alınıb.
Xatırladaq ki, ötən ilin aprelində Bakıda ilk Teatr Forumu keçirilib. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşən forum “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusuna həsr olunmuşdu. Milli teatrımızın çağdaş inkişaf perspektivlərinin müzakirə olunduğu həmin önəmli tədbirdə mədəniyyətə, sənətə bağlı bir ömür yaşayan Ümummilli lider Heydər Əliyevin bu sahədə çalışanları hər zaman diqqət və qayğı ilə əhatə etdiyi, teatra xüsusi münasibətlə yanaşdığı, burada fəaliyyət göstərənləri hər zaman yüksək qiymətləndirdiyi və səhnəni “müqəddəs yer” kimi səciyyələndirdiyi xüsusi vurğulanıb.
Fərəhlə qeyd edilib ki, Prezident İlham Əliyev də teatr sənətinin məna və mahiyyətini, ideya-estetik təsirini dərindən duyan bir dövlət başçısı kimi, bu sahəni daimi qayğı ilə əhatə edib. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində də mühüm işlər görülür. Mədəniyyətimiz və bu sahədə çalışan insanlar hər zaman Mehriban xanımın diqqətindədirlər.
Forumda aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti: 2020–2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınıb.
Konfransda teatr sahəsində əsaslı inkişaf məsələləri ətraflı təhlil edildi, problemlərə işıq tutuldu, bildirildi ki, bu gün ATXİ-nin əsas məqsədi sahənin peşəkarlarını bir araya gətirərək problemləri birgə müzakirə etmək və vahid platforma üzrə fəaliyyəti daha da canlandırmaqdır.
Konfransda 75 nümayəndə iştirak edirdi. Azərbaycan Respublikasının Əməkdar artisti Azad Şükürov iclasın sədri seçildi. Teatr Xadimləri İttifaqı sədrinin hesabat məruzəsi, daha sonra Təftiş və Mandat komissiyalarının hesabatları dinlənildi.
Hesabat dövründə yaradıcılıq ittifaqının xəttilə görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyi, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyi, yaxın və uzaq xarici ölkələrdən gəlmiş teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də yaradıcılıq laboratoriyalarının təşkil olunduğu vurğulandı. Həmçinin bu tədbirlərin təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə etdiyi bildirildi.
İştirakçıların yekdil qərarı ilə 5 illik fəaliyyət qənaətbəxş hesab olundu. Fasilədən sonra çıxışlar davam etdirildi. İlham Namiq Kamal, Məryəm Əlizadə, Mərahim Fərzəlibəyov, Sabir Məmmədov, Ağalar İdrisoğlu, Şövqi Hüseynov, Larisa Tarusova, Rəhman Rəhmanov və İntiqam Soltan teatr qurumu ilə bağlı fikirlərini, təkliflərini səsləndirdilər. Çıxışlarda qeyd olundu ki, milli teatrımızın inkişafı üçün istər yerli, istərsə beynəlxalq layihələr uğurla həyata keçirilməli, yaradıcı mühitə əhəmiyyətli təsir edilməli, teatra dair davamlı nəşrlər buraxılmalı, faydalı iş əmsalını artıran konfranslar, seminarlar, festivallar keçirilməli, yaradıcı gəncliyə əməli qayğı ilə daha münbit şərait yaradılmalıdır ki, milli səhnə sahəmiz dünyanın əhəmiyyətli teatr hadisələrinə daha dərindən nüfuz etsin.
Ardınca açıq səsvermə yolu ilə növbəti 5 il üçün ATXİ-yə sədr seçkisi keçirildi. İttifaq üzvlərinin yekdil qərarı ilə bu etimad Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova göstərildi. Təftiş Komissiyasının üzvləri Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Xalq artisti Firudin Məhərrəmov və Əməkdar artist Nadir Xasıyev seçildilər. Yeni sədr konfrans nümayəndələrinə təşəkkürünü bildirdi və İttifaqın İdarə heyətinin yeni tərkibini elan etdi. İlham Namiq Kamal və Azad Şükürov (sədr müavinləri), Siyavuş Kərimi, Mərahim Fərzəlibəyov, Azər Zeynalov, İlham Əsgərov, Cənnət Səlimova üzv kimi təsdiqləndilər. Konfransın növbəti hesabat dövründə görəcəyi işlər barədə qərar layihəsini Xalq artisti Firudin Məhərrəmov oxudu.
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin yeni sədri – Xalq artisti Hacı İsmayılov daim öz istedadı ilə parlayıb. Sənətkar səhnəyə çıxdığı ilk gündən böyük tamaşaçı sevgisi qazana bilib. Televiziya tamaşaları da daxil olmaqla irili-xırdalı 70-dən çox filmə çəkilib. Milli teatrın flaqmanı hesab edilən Akademik Milli Dram Teatrında saysız-hesabsız tamaşalarda aparıcı obrazlara həyat eşqi verib. Bütün çıxışlarını teatr və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi peşəkarcasına bacararaq hər kəsin sevimlisinə çevrilib. Hacı İsmayılov 2014-cü ildən ATXİ-də yaradıcılıq üzrə sədr müavini olub. Ötən ilin aprelində qurumun sədri Azər Paşa Nemətovun vəfatından sonra onun vəzifə səlahiyyətlərini davam etdirib. Bir sıra maraqlı layihələrin reallaşdırılması Hacı İsmayılovun təşəbbüsü və səyi ilə baş tutub.
Ümidvarıq ki, tarixi ənənələrini qoruyub saxlayan, Azərbaycan xalqının milli mədəni irsinin qorunmasında, nəsildən-nəslə ötürülməsində daim öncüllər sırasında olan Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyi və işçi heyəti bundan sonra da milli mədəniyyətimizin mühüm tərkib hissəsi olan teatr sənətinin inkişafı yönümündə fəaliyyətini uğurla davam etdirəcək.
Sənət adamlarının konfransla bağlı düşüncələri
Hacı İsmayılov, İttifaqın İdarə Heyətinin sədri, Xalq artisti:
– Məqsəd ölkəmizdə teatr sənətinin inkişafına kömək göstərməkdir. Biz bu il bölgələrdəki teatrları “Qonaq teatr” layihəsinə dəvət etdik. Onlar Bakıya çox böyük sevinc və həvəslə gəlirlər. Bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik. Eynu zamanda, bundan sonra da xarici və türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq. Milli səhnə sənətini dünya səviyyəsinə qaldırmalıyıq. Mənim üzərimə çox böyük vəzifə düşür. Teatr Xadimləri İttifaqının on sədri olub, hamısı da Xalq artisti. Onların işini davam etdirmək, əlbəttə ki, böyük məsuliyyətdir. Amma şərəfli bir işdir və mən də çalışacağam ki, Teatr Xadimləri İttifaqının gördüyü işlər Azərbaycan teatr sənətinin inkişafına xidmət etsin.
Digər ünlü sənətkarların da fikirlərini təqdim edirik...
Firudin Məhərrəmov, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı, Xalq artisti:
– Teatr Xadimləri İttifaqının konfransında Xalq artisti Hacı İsmayılovun sədr seçilməsi hamımızın ürəyincə oldu. Onun bu işdə böyük təcrübəsi var. Son illər ATXİ-də həyata keçirdiyi böyük layihələr onun bu vəzifəyə seçilməsinə əsas verirdi. “Qonaq teatr” layihəsini xüsusi vurğulamaq istəyirəm. Region teatrlarının Bakıya dəvət olunub öz tamaşalarını nümayiş etdirməsi bir növ teatr paradına çevrilmişdir. Bu layihə teatr kollektivlərinin görüşunə, öz imkanlarını nümayiş etdirməsinə, ən əsası isə yeni istedadların üzə çıxmasına geniş imkanlar açır. Biz də Sumqayıt teatrı olaraq hər zaman bu layihələrdən bəhrələnmişik. M.F.Axundzadənin “Hacı Qara”, T.Özakmanın “Ocaq”, Ə.Əmirlinin “İyirmi ildən sonra” tamaşalarını məhz “Qonaq teatr” layihəsi çərçivəsində paytaxt tamaşaçılarına təqdim etməyə imkan qazanmışıq. Azərbaycan Teatr Xadimləri İttifaqı bütün teatr əməkdaşlarının evi, ocağıdır. Bu “ocağ”ın daha da gur yanması üçün hamımız ona dəstək olmalıyıq. İnanıram ki, Hacı İsmayılovun rəhbərliyi ilə ittifaqımız yeni-yeni layihələrə bundan sonra da öz imzasını atacaq. Yeni seçilən rəhbərliyə və onun komandasına uğurlar arzulayıram!
Sabir Məmmədov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti:
– Hamımızın sevimlisi olan Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov bu konfransa qədər ATXİ sədrinin 1-ci müavini idi və sədr səlahiyyətlərini layiqincə icra edirdi. Onun hesabat məruzəsi ətrafında çıxış edənlərin arasında mən də vardım. ATXİ-nin və sədr əvəzinin fəaliyyətini məqbul saydım. Ən çox da onun az müddətdə təşkilatçılıq bacarığı, səmimiyyəti ilə böyük hörmət qazandığını qeyd etdim. Xatırlatdım ki, bizim təklifimizlə Trabzon teatrında Firuz Mustafanın əsəri tamaşaya qoyuldu, sonra Hacı müəllim həmin teatrı Bakıya dəvət edərək, ən yüksək səviyyədə görüşlər keçirdi. Belə misallar çoxdur, buna görə də hər kəs ona həvəslə səs verdi və seçim yekdil oldu. Sədr müavinləri seçilmiş Xalq artisti İlham Namiq Kamala və Əməkdar artist Azad Şükürova da uğurlar arzu edir, düşünürəm ki, çox layiqli namizədlər idi. ATXİ–nin yeni tərkibinə yeni nailiyyətlər arzu edirəm.
Nadir Xasiyev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist:
– Azərbaycan Teatr Xadimləri İttifaqının çoxdan bəri gözlənilən konfransı, nəhayət, baş tutdu. Kimin sədr seçiləcəyi, əlbəttə, bütün teatr cameəsinin, səhnə sənətinin tərəqqisini arzulayan hər kəsin maraq dairəsində idi. Tədbir protokol qaydalarına uyğun olaraq, açıq və demokratik şəraitdə keçdi. Xalqımızın hörmətli sənətkarı, bu posta tam layiq olan, zəngin təcrübəli Xalq artisti Hacı İsmayılov yekdilliklə sədr seçildi və onun üstün keyfiyyətləri birbəbir qeyd edildi. Yeni sədrimizi ürəkdən təbrik edirəm! Mən də Teatr Xadimləri İttifaqının Təftiş Komissiyasının üzvü seçildim. Hesab edirəm ki, yeni bir dövr başlayacaq. ATXİ yenidən əsl “Aktyor evi”nə çevriləcək.
Ə.DOSTƏLİ
XQ