“Moskvada yay. Hamı küçəyə” festivalı çərçivəsində Rusiya paytaxtının “Briqantina” parkında Azərbaycan Mədəniyyəti Günü keçirilib.
Gün ərzində Rusiya paytaxtının sakinləri və qonaqları incəsənət ustalarımızın çıxışlarına – milli rəqslər və musiqi nömrələrinə, Azərbaycana həsr olunmuş rəsm sərgisinə tamaşa ediblər, həmçinin Azərbaycan yeməkləri və şirniyyatlarının dadına baxıblar.
Moskva Linqvistik Universitetinin rəqs qrupu parlaq nömrələrlə səhnəyə çıxıb, Rəna Qafarlı “Qavalla rəqs” və “Stəkanlarla rəqs”i ifa edib. Andrey Katkov, Aysel Məmmədova və Vasil Məmmədovun ifasında məşhur “Mavi əbədiyyət”, “Mənim şəhərim Bakı”, “Dünyanın ən yaxşı şəhəri”, “Zibeydə” mahnıları səsləndirilib.
Xatırladaq ki, tədbirin təşkilatçısı Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətidir.