Azərbaycan Milli Konservatoriyasında “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimat mərasimi keçirilib.
Layihənin rəhbəri, İctimai Birliyin sədri Adil Nəsibovun “XQ”-yə verdiyi məlumata görə, təşəbbüs 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri ilə bağlı silsilə tədbirlərə töhfə vermək məqsədilə icra olunur. O, təqdimatda bu barədə bilgilər verib. Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin imamı Mirabdullah Həsənli qala-şəhərdə məscidlərin 30 illik işğal dövründə dağıdılması və Vətən müharibəsindən sonrakı bərpa prosesi haqqında danışıb. Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas və film-konsertin məsləhətçisi Abbasqulu Nəcəfzadə isə ilk dəfə film-konsertdə səslənən mahnıları təhlil edib. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlısı, Vətən müharibəsi qazisi, “Qarabağ” ordenli kapitan Vüsal Həsənov Vətən müharibəsində ordumuzun göstərdiyi rəşadət haqqında, əczaçı-bioloq Rauf Rəhimov isə insanla təbiətin harmoniyası haqqında fikirlərini bölüşüblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi mərhum bəstəkar Bəhram Nəsibovun musiqi mədəniyyəti tariximizdəki rolundan söz açıb, onun mahnılarının dillər əzbəri olduğunu söyləyib. Rektor “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin reallaşdırılmasını təqdir edib. Digər çıxışçılar tanınmış sənətkarın həyat və fəaliyyətindən bəhs ediblər.
Daha sonra “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı olub.
Bəhram Nəsibovun bəstələdiyi “Vətən bağı”, “Cıdır düzü”, “İslam dünyası”, “Şuşa qalası” mahnıları ilk dəfə film-konsertdə müğənni-bəstəkar Elnur Nuri tərəfindən səsləndirilib. Mövzu tamaşaçılara audio-vizual vasitələrlə təqdim olunub.
Qeyd edək ki, film-konsertin ssenari müəllifi və montajçısı Adil Nəsibov, rejissoru Cəsarət Hüseynzadə, operatoru Elmir Mirzəzadə, prodüseri Vüsal Əhmədov, redaktoru isə Şəbnəm Tofiqqızıdır.
XQ