Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminarda deyib ki, məhkəmələr bu seçkilərdə də üzərilərinə düşən vəzifələri həyata keçirməyə hazırdır. Seçki Məcəlləsi seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin geniş əhatə dairəsini müəyyən edir:
Onun sözlərinə görə, bu şəxslərin dairəsinə seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir: ”Şikayət iki formada - inzibati və ya məhkəmə qaydasında verilə bilər. Dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər”.