Hər kitab bir dünyadır

post-img

“Məfkurə” hekayətləri 

Yazıçı-alim Sadıq Qarayevin 5-ci kitabı olan “Azərbaycançılıq məfkurə­si” işıq üzü görüb.

Altı fəsildən ibarət kitabda müxtəlif janrlarda yazılmış əsərlər yer alıb. İlk fə­sil hekayə və esselərdən ibarətdir. Bura­da yazıçı janr, üslub və mətn quruluşu, elmlə bədiiliyin vəhdəti baxımından yeni­liklər yaradıb. Müəllifin “Düzülüş və möv­cudluq”, “Ziddiyyətin çalarları”, “Bağban və yol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insa­nın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müza­kirə edilir.

Kitabın 2-ci fəslində azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfər­lərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən, əsaslandıran elmi-fəlsəfi bədii yazılar nümayiş olunur. Növbəti fəsillər­də müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən, ayrı-ayrı janrlı yazılar möv­cuddur. Sonuncu, 5-ci fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm sə­viyyəsində səslənə biləcək fikirləri topla­nıb. 

Qarabağ savaşının bədii “Açar”ı

Yazıçı Natəvan Dəmirçioğlunun son 10 ildə üzərində işlədiyi “Açar” romanı “Təhsil” nəşriyyatında çap olunub. 

Birinci və İkinci Qarabağ mühari­bələri qəhrəmanlarının obrazını yara­dan, 44 günlük Vətən müharibəsi və Zəfər lövhələrini realist üslubda təqdim edən proza nümunəsi bədii keyfiyyəti ilə də diqqət çəkir.

Yüksək dizayna və poliqrafik keyfiy­yətə malik roman təkcə müharibə ədə­biyyatı nümunəsi deyil, eyni zamanda, müasir, psixoloji, oxunaqlı nəsr nümunə­sidir. Obrazlar sistemi real həyatdan gö­türülən, şəhid və qazilərimizin prototipini yaradan əsərdə hadisələrin fövqündə dayanan Ali Baş Komandan obrazı da diqqət çəkir.

Masallının xalq “misalları” 

Folklorşünas alim Füzuli Bayatın “Masallı folklor örnəkləri” kitabının 3-cü cildi çapdan çıxıb. Xalqımızın əvəzsiz mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq baxımın­dan bu nəşr böyük əhəmiyyət kəsb edir. 

Cənub bölgəsinə məxsus olan və əsrlərcə yol keçib gələn adət-ənənələr, folklor nümunələri – laylalar, oxşamalar, bayatılar, əfsanələr, rəvayətlər, lətifələr, söyləmələr, alqış və qarğışlar, atalar söz­ləri, məsəllər, nəğmələr və rəqslər fəda­karlıqla toplanaraq bu nəşrlərdə ipə-sa­pa düzülüb.

Müəllif bildirir ki, ”Masallı” toponimi­nin bir yozumu da folklor nümunəsi olan “Misallar”la bağlıdır.Yəni “məsəlli, misal­lı” diyar,“məsəl çəkənlərin” bol olduğu bir yurd yeridir. Müxtəlif zamanlarda bu diyarda yaşayan insanlar şifahi xalq ya­radıcılığının ən gözəl nümunələrini yara­dıblar.

Elə kitabın təqdimat mərasimində yerli “Halay” xalq folklor kollektivinin çıxış etməsi də bir növ bu fikri təsdiqləyib. Onu da qeyd edək ki, artıq kitabın 4-cü cildinin də nəşri üçün folklor nümunələri toplanır. 

Ə.DOSTƏLİ
XQ





Mədəniyyət