Avstriyanın tanınmış kurort turizm regionlarından olan Zalsburq əyalətinin Bad Hofqastayn qəsəbəsində 4-cü Millətlər Festivalı keçirilib.
Mədəni müxtəlifliyi təbliğ edən festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti təmsil edib. Qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi, kurortları və füsunkar təbiəti ilə tanınan, Qastayn dərəsində yerləşən qəsəbədəki festivalın məqsədi xalqların milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək, regionun multikultural dəyərlərini zənginləşdirməkdir.
Zalsburq şəhərində yerləşən KULTUR.GUT təhsil təşkilatının yerli bələdiyyə və Turizm Birliyi ilə birgə hazırladığı festivalda Azərbaycan guşəsi xüsusi maraqla qarşılanıb. Guşədə Azərbaycan milli xörəkləri və şirniyyatları, eləcə də milli istehsalımız olan məhsul və suvenirlər təqdim olunub. Milli geyimdə festivala qatılan Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvləri yerli sakinlər və turistlərə ölkəmiz, onun zəngin mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumat verib, kitab və broşürlər hədiyyə ediblər. Soydaşlarımızın təqdimatında “Uzundərə“ və ”Naz eləmə” rəqsləri xüsusi maraqla qarşılanıb.
Tədbirin təşkilatçıları sonda ən maraqlı təqdimata görə Azərbaycan guşəsini 1-ci yerlə mükafatlandırıb və regionun mədəni müxtəlifliyinin tanıdılmasına həsr edilmiş festivala verilən töhfəyə görə təşəkkür ediblər.
XQ