Özbəkistanda muğam təntənələri

post-img

UNESCO və İSESCO-nun himayəsi altında Özbəkistanın Cizzax vilayətinin Zamin şəhərindəki “Zaminsoy” kompleksində keçirilən II Beynəlxalq Muğam Sənəti Forumu başa çatıb. İyunun 27-dən 30-dək keçirilən musiqi bayramına dünyanın 80-dən artıq ölkəsindən gələn 400-dən çox nümayəndə qatılıb. 

Forum çərçivəsində baş tutan “Mu­ğam sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfransın so­nuncu günündə Azərbaycan Milli Konser­vatoriyasının (AMK) prorektoru, professor Lalə Hüseynova və AMK-nin müəllim və doktorantı Fərdin Məm­mədzadə “Azərbaycan muğam-dəsgahlarında bərdaşt bölməsi”, Azər­baycan Milli Elmlər Aka­demiyası Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, fəl­səfə doktoru Sehranə Qasimi isə “Milli musiqi aspektində Azərbaycan muğamı” mövzularında məruzələr ediblər. Dün­yada muğamın təbliği və populyarlaşması istiqamətində qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb. 

***

Musiqi yarışmasında ölkəmizi “Vətən” musiqi qrupu – xanəndələr Nisbət Səd­rayeva, Səfalı Mirzəliyev, Ruslan Zər­bəliyev (tar), Pərviz Fərhadov (kamança) və Səyavuş Kərimov (nağara) təmsil edib­lər. 

Festivalın bey­nəlxalq münsiflər heyətinin tərkibində Azərbaycan, Ameri­ka Birləşmiş Ştatları, Türkiyə, Hindistan, Misir və Özbəkistan nümayəndələri təmsil olunublar. Musiqi bayramının sonuncu günü qaliblərin ad­ları elan edilib. İran nümayəndəsi “Qran pri” alıb. “Vətən” musiqi qrupuna festiva­lın diplomu, müxtəlif hədiyyələr və pul mükafatı təqdim edilib. 

Xatırladaq ki, I Beynəlxalq Muğam Sənəti Forumu 2018-ci il sentyabr ayında Özbəkistanın Şəhrisəbz şəhərində keçi­rilib və Azərbaycandan gələn “Muğam” qrupu 1-ci mükafata layiq görülüb.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Özbəkistan, Zamin şəhəri



Mədəniyyət