Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. İyunun 12-də Özbəkistan Təsviri Sənət Qalereyasında “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərginin açılış mərasimi baş tutub. Tədbirdə hər iki ölkənin mədəniyyət nazirləri- Adil Kərimli, Ozodbek Nazarbekov, tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər.Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərgidə təqdim olunan əsərlər haqqında qonaqlara ətraflı məlumat verib.
Sərginin ana xəttini Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından XX əsr milli təsviri sənətimizin inkişafında böyük rol oynamış, görkəmli rəssam Əzim Əzimzadənin qrafik əsərlərinin nümayişi və bu rəsmlərdə əksini tapmış, öz dövrünün etnoqrafik xüsusiyyətlərini təcəssüm etdirən xalq sənətkarlığı nümunələrinin vizualizasiyası təşkil edir.
Rəssamın ekspozisiyada yer alan əsərlərində türk dünyasının ən qədim bayramı olan Novruzun adətləri, Ramazan bayramı və xalqın toy kimi zəngin ənənələrlə müşaiyət edilən mərasimləri təcəssüm olunub. Sərgidə bu əsərlərdə əksini tapmış al-əlvan xalçalar, zərif bədii tikmələr, nəfis gözəlliyə malik geyimlər, məişətin ayrılmaz hissəsi olan misgərlik məmulatları kimi milli irs nümunələri təqdim edilir. Onlar XIX-XX əsrlərin qovşağında xalqımızın həyat tərzi, dünyagörüşü, yüksək estetik zövqü və ümumilikdə çoxəsrlik mədəniyyəti haqqında dolğun təsəvvür formalaşdırır.