Rüya Tanerin “Landmark” konserti

post-img

Şimali Kipr Türk Cümhuriyyətinin və Türkiyənin aparıcı konsert pianoçularından biri Rüya Taner növbəti dəfə Bakımızın qonağı oldu. Şəhərin tam mərkəzində yerləşən “The Landmark Hotel Baku” da təşkil olunmuş “Piano resitalı” (musiqiçinin təkbaşına ifa etdiyi musiqi nömrəsi) adlı konsert tədbirində sənətçi bir-birindən gözəl ifaları ilə dinləyiciləri sanki öz dünyasına çəkib apardı. Pianoçunun ifa etdiyi musiqi nömrələri arasında Alman bəstəkarı Robert Schumannın bəstələdiyi “Des Abends”, “İn der Nacht”, “Traumes wirren”, Macarıstan bəstəkarı, virtuoz pianoçu Franz Lisztin “İl Sospiro”, Fransız bəstəkarı, musiqidə impressionizmin aparıcı nümayəndəsi Claude Debussynin “Prelude”, “Menuet”, “Passepied” və başqa dünyaşöhrətli musiqiçilərin bəstələri yer alırdı. Konsert proqramına Azərbaycan SSR Xalq artisti, bəstəkar Cahangir Cahangirovun məşhur “Ay qız” mahnısı ilə yekun vuruldu. 

Xatırladaq ki, Rüya Taner Türkiyədə və ölkəsindən kənarda ən çox konsert verən pianoçulardan biridir. Şimali Kipr Türk Respublikası və Türkiyə, ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Bəhreyn, Belçika, Belarus, Birləşmiş Ərəb Əmirliklərinin bir çox şəhərləri kimi məşhur konsert salonlarında və başqa yerlərdə solo resitallar, kamera musiqisi konsertləri verib və orkestrlərdə solist kimi çıxış edib. Onun konsert verdiyi orkestrlər arasında Türkiyə Dövlət Simfonik orkestrləri ilə yanaşı, özəl orkestrlər, Macarıstan MAV Orkestri Türkiyə Silahlı Qüvvələrinin harmonik harmonikaları ilə, Belçika Kral Orkestri, Ukrayna, Bosniya və Herseqovina, Makedoniya Filarmonik Opera Orkestri, Bulgarian Opera Orkestri, Minsk Kamera Orkestri, Saloniki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan simfonik orkestrləri və Oman Sultanlığı Orkestri yer alır. Son illər solistlik fəaliyyəti ilə yanaşı, yeni nəsil solistləri və “Adap” pianoçuları ilə birlikdə “Kamera musiqisi” konsertləri verir. Rüya Taner 2001-ci ildən Şimali Kipr Türk Cümhuriyyəti Rəyasət Heyətinin “Xüsusi İncəsənət Məsləhətçisi”, həmçinin “Şimali Kipr Bellapais Musiqi Festivalı”nın İncəsənət Məsləhətçisi kimi fəaliyyət göstərir. 

 

Fidan SALMANOVA

Elşən AĞALAROV

XQ





























Mədəniyyət