Göygöl rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş musiqili festival keçirilib.
Göygöl Rayon İcra Hakimiyyəti, təhsil sektoru və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaqlar yaşıl dünyamızın əlvan çiçəkləridir” adlı musiqili əyləncəli festival Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.
Festivalda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev uşaqları bayram münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb və qeyd edib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Cənab Prezidentimiz İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid övladları, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Festivalda rayonun ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin, “İrəvan İdman Klubunun” və Mədəniyyət Mərkəzinin xüsusi istedadı, bacarığı ilə seçilən uşaqların rəngarəng çıxışları və təqdimatları yer alıb.
Uşaqların bayramında yüzlərlə sakin işturak etmişdir və bu, kütləvi bir tədbirə çevrilmişdir.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Göygöl rayonu