Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

post-img

“Cazın şahzadəsi” kimi tanınan azərbaycanlı pianoçu, bəstəkar və vokalçı Əzizə Mustafazadə mayın 31-də Türkiyənin Antalya şəhərində keçirilən 7-ci Antalya Akra Caz Festivalında sənətsevərlərlə görüşüb. AZƏRTAC xəbər verir ki, onun konsertinin sponsoru qismində “Türk Hava Yolları” aviaşirkəti çıxış edib.

“Akra” otelinin qarşısında, açıq səma altında keçirilən konsertdə Əzizə Mustafazadənin güclü səsi və piano ifası tamaşaçıları valeh edib. O, basçı Ralf Cetto və zərb alətləri ifaçısı Simon Zimbardonun müşayiəti ilə füzyon və caz kompozisiyaları ilə çıxış edib.

Əzizə Mustafazadənin repertuarına təkcə öz bəstələri deyil, həmçinin onun atası, mərhum ustad musiqiçi Vaqif Mustafazadənin əsərləri də daxil edilib. O, sonra oğlu Ramizxanı səhnəyə dəvət edib. “Cazın şahzadəsi”nin oğlunun ifası tamaşaçıların alqışları ilə qarşılanıb.

İyunun 12-də başa çatacaq festival şənbə günü caz dünyasının aparıcı simalarından biri, pianoçu və bəstəkar Kerem Görsevin yeni albomu "Lost Ghost"un Türkiyə premyerası ilə davam edəcək.

Mədəniyyət