İlyas Əfəndiyev –110
Universitetə qəbul imtahanında “Ən çox sevdiyim bədii əsər” mövzusunu seçmiş və Xalq yazıçısı İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” romanından bəhs etmişdim. Yazdığım inşanın “əla” qiymətləndirilməsini bir kənara qoyaraq demək istəyirəm ki, bu əsər, həqiqətən də, müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələrindən biri kimi oxucular arasında böyük şöhrət qazanmışdı. Mənsə sevinirdim ki, universitetə qəbul edilməyimdə “Dağlar arxasında üç dost”un da rolu olub. Elə buna görə sonralar İlyas Əfəndiyevin yaradıcılıq məhsullarına daha böyük maraq göstərdim.
XX əsr Azərbaycan ədəbiyyatının böyük bir mərhələsi unudulmaz İlyas Əfəndiyevin adı ilə bağlıdır. 1914-cü il mayın 26-da Füzuli (keçmiş Qaryagin) şəhərində anadan olan İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakıda dünyasını dəyişsə də, ruhən, mənən həmişə bizimlədir. Böyük nasir və dramaturqun ömür və sənət yolunun davamçısı Elçin bu gerçəyi belə ifadə edib: “1996-cı il. 3 oktyabr... Bu tarixdən sonra İlyas Əfəndiyevin ikinci ömrü başlayır.”
İlyas Əfəndiyev, sözün həqiqi mənasında, ədəbiyyatımızın müasir klassikidir. O, bir tərəfdən, gözəl romanlar, povestlər, hekayələr yazırdısa, digər tərəfdən də Azərbaycan teatrına bir-birindən maraqlı səhnə əsərləri bəxş edirdi. Ədibin sənət irsi ilə ətraflı tanış olduqca heyrətlənməyə bilmirsən. İlyas Əfəndiyev nasirliyi, dramaturqluğu ilə yanaşı, həm də ədəbi görüşləri ilə seçilən obyektiv bir tənqidçi olub.
Həyatın ziddiyyətləri içərisində yazıçı mənini qoruya bilən, məramını dəyişməyən, həqiqətə sadiqliyi və qəlb böyüklüyü ilə seçilən bir şəxsiyyət kimi tanıdığımız İlyas Əfəndiyev Azərbaycanda, bəlkə də, keçmiş ittifaqda yeganə ədiblərdən idi ki, Kommunist Partiyasının üzvü deyildi. Onun yaradıcılığı və şəxsiyyəti haqqında ədəbiyyatşünaslar, qələm dostları çoxlu məqalələr yazıb, əsərlərinin bədii məziyyətlərini, insani keyfiyyətlərini ətraflı işıqlandırıblar. Əməkdar jurnalist Flora Xəlilzadənin də İlyas Əfəndiyev mövzusunda dəyərli yazıları daim maraq doğurur. Xalq yazıçısının yubileyi ərəfəsində həmkarımdan bu barədə danışmasını xahiş etdim.
– Orta məktəbdən üzübəri İlyas Əfəndiyevin əsərlərini müntəzəm oxuyuram – deyə Flora xanım söhbətə başladı. – Elə əsəri var ki, dəfələrlə mütaliə etmişəm, həmişə də yeni bir anlatma, pünhan bir mətləblə rastlaşmışam. İlyas Əfəndiyevin əsərlərini diqqətlə oxuduqda onu yazıçıdan əlavə, tarixçi, coğrafiyaçı, salnaməçi kimi də dəyərləndirmək olur.
Tanınmış tənqidçi Yaşar Qarayev yazırdı: “Azərbaycan tarixi barədə klassik sənədlər – yeddi ”Qarabağnamə” var. Bütünlükdə, İlyas Əfəndiyevin yaradıcılığını mən 8-ci “Qarabağnamə” hesab edirəm”. Mənim düşüncəmə görə, Qarabağ canlı bir varlıqdır. Onun düşünən beyni Füzuli, vuran əli Ağdam, döyünən ürəyi Şuşadır. Bu mənada Qarabağ İlyas Əfəndiyev yaradıcılığında baş mövzudur. Qarabağın ötən günlərini vərəqləmək üçün bu müəllifi diqqətlə oxumaq kifayət edər ki, bir çox mətləblərdən hali olasan. Bütün müqəddəs hissləri, könül titrədən xatirələri, həyəcanları Qarabağla bağlı idi. Şuşa isə ürəyinin sarı simiydi.
Valideynləri Məhəmməd bəylə Bilqeyis xanımın 7 övladı olub: İlyas, Məhbub, Mustafa, Tofiq, Məhluqə, Arif, Nəzihə. Tacir Məhəmmədin Füzulidə müxtəlif mallar satılan doqquz dükanı, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Ağcabədidə qumaş dükanları, Bakıda, Həştərxanda, Vladiqafqazda, Tehranda və Təbrizdə şərikləri vardı. Təəssüf ki, XI ordu Azərbaycanı işğal edəndən sonra bolşeviklər və onların dəmtutanları onun mülklərini, bütün varidatını, hətta sonuncu əmlakını— ailəsinin sığındığı daşdan tikilmiş ikimərtəbəli evini də əlindən alıblar. O illərdə ailənin düçar olduğu məşəqqətlər barəsində İlyas Əfəndiyevin bir çox əsərlərində, müsahibələrində söz açılıb. İlyas Əfəndiyevin ata, ana tərəfi, yaxın qohumları hamılıqla sovet hakimiyyətinin hər cür acılıqlarını yaşayıblar.
Müsahibim daha sonra dedi:
– İlyas Əfəndiyevin vəfatından sonra çapdan çıxmış “Seçilmiş əsərləri”nin 7 cildliyini son vaxtlar yenidən vərəqlədim. Hətta bəzi roman və hekayələrini, xatirələrini təkrar oxumaqdan böyük zövq aldım. Həqiqətən də o, əbədiyaşar əsərlərə imza atıb. Bu əsərlər zamanın və quruluşun diktəsinə boyun əyməklə yazılmayıb. Yazıçının Şuşa ilə bağlı xatirələri məni daha çox təsirləndirdi, hətta kövrəltdi. Uşaqlıq illərinə, soy-kökünə dərindən bağlı olan yazıçının qeyri-adi yaddaşına bir daha heyran oldum. Bu yerdə xalq yazıçısı Mirzə İbrahimovun səlis söylədiyi fikirləri ürəyimdən xəbər verdi: “Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir”.
İlyas Əfəndiyev ədəbiyyata “Kənddən məktublar” (1939) adlı hekayələr kitabı ilə gəlib. 57 illik yaradıcılığı ərzində 6 roman, 47 hekayə, saysız- hesabsız oçerk, məqalə, rəy və xatirələr yazıb. Yarım əsrdən artıq bir zaman kəsiyində o, aparıcı dramaturq kimi Akademik Milli Dram Teatrının repertuar ağırlığını üzərinə götürüb. Onun bu teatrın səhnəsində 19 pyesi tamaşaya qoyulub. 1944-cü ildə “İntizar”la başlanan debüt 1996-cı ildə “Hökmdar və qızı” pyesi ilə tarixə çevrilib. Lakin sonuncu əsər səhnəyə qoyulanda İlyas Əfəndiyev onun tamaşasında iştirak edə bilmədi. Bütün bu illər ərzində yuxarıda dediyimiz kimi, Qarabağ onun yaradıcılığının nəqəratı idi.
İlyas Əfəndiyev müstəqil Azərbaycanın dövlət ordenini – “Şöhrət”i alan ilk yazıçıdır. Sovet dövründə mükafatları çox olmuşdu. Amma onun ən çox dəyərləndirdiyi, sevə-sevə qarşıladığı, əzizlədiyi mükafat məhz müstəqillik dövrünün “Şöhrət” ordeni oldu. İllər boyu qəlbini əzən, duyğularını pərən-pərən edən, yaradıcılığında əks olunan həsrətinə son qoyuldu. Varlığı qədər sevdiyi məmləkəti hürriyyətinə qovuşdu.
Böyük söz ustası 1964-cü ildə yazdığı “Sən həmişə mənimləsən” pyesinin müzakirəsi zamanı belə demişdi: “Qarabağ dağlarında qəribə ətri olan bir çiçək görmüşdüm. Onu qoxlayanda adama elə gəlirdi ki, üfüqlər nəhayətsiz dərəcədə genişlənir. Mavi səma ucu-bucağı olmayan əsrarəngiz bir ümmana çevrilir. O gülün ətrində zərif bir sərtlik də var idi. Mən çiçəyin adını soruşdum. Öyrəndim ki, buna bəzi yerlərdə “boyçiçəyi”, bəzi yerlərdə də “boxçagülü” deyirlər. Boyçiçəyini gəlinlər dərib toy paltarlarının arasına qoyurlar. İllər keçir, çiçək qupquru quruyur, amma yenə də öz ətrini itirmir. Elə bil indicə dərmisən”.
Qəribədir, bu sözləri, sanki böyük yazıçı öz yaradıcılığı barədə deyib. Həqiqətən, İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbiyyatının boyçiçəyidir. Həmişə ətirli, solmaz və bihuşedici çiçəyi...
Ə.DOSTƏLİ
XQ