Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özer və komissiyanın üzvləri Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.
Nümayəndə heyətini muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qarşılayaraq onları muzeyin ekspozisiya zalları ilə tanış edib, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri və türkdilli xalqların qədim yazılı abidələri haqqında ətraflı məlumatlandırıb. Qonaqlar muzeyin zəngin ekspozisiyasını maraqla seyr ediblər. Sonra Rafael Hüseynov türkiyəli nümayəndələri muzeyin İstiqlal zalı ilə tanış edib, onlara Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının bu məkanda öz iclas və görüşlərini keçirdiklərini və bu möhtəşəm salonun onların əziz xatirəsinə görə “İstiqlal zalı” adlandırıldığını bidirib.
Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mahmud Özer Azərbaycan və Türkiyə arasında dostluq əlaqələrinin hər gün daha da möhkəmlənməsindən danışaraq iki qardaş ölkəni ortaq ədəbi-mədəni dəyərlərin birləşdirdiyini vurğulayıb.
Qabil YUSİFOĞLU
XQ