Sənət karvanının əbədi yolu

post-img

Soltan Hacıbəyov – 105 

Məşhur Hacıbəyovlar musiqi mədəniyyətimizə böyük töhfələr veriblər. Üzeyir bəydən başlayan yolu Zülfüqar, Çingiz, Niyazi  Hacıbəyovlar kimi istedadlar   davam etdiriblər. Onlardan biri də 1919-cu ildə Şuşada dünyaya göz açan Soltan Hacıbəyovdur. Bəstəkar “Karvan” yolu tutaraq musiqi ümmanının zəvvarına çevrilib. 

Bu gün görkəmli sənətkarın 105 yaşı tamam olur. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərinin sonu –  40-cı illərinin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi.   O, öz yaradıcılığında Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdi. 1930-cu ildə Bakıya köçən Soltan bir müddət əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.

Soltan Hacıbəyov həyat və sənət yollarında pillə-pillə ucalıb. Azərbaycan Dövlət Konservatoriyasının, həm də Bəstəkarlar İttifaqının rəhbəri olub. Keçmiş SSRİ-nin Xalq artisti adına layiq görülüb. Soltan Hacıbəyovu anmaq üçün musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova ilə həmsöhbət olduq. 

–  Soltan Hacıbəyovu necə xatırlayırsınız ? 

– Soltan Hacıbəyov görkəmli bəstəkar olmaqla yanaşı, gözəl təşkilatçı idi. Onun  Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi illər musiqi ocağının ən parlaq  dövrü hesab edilir. Mən o zaman konservatoriyada  işləyirdim. Onun dövründə ayda bir dəfə konservatoriyada simfonik konsertlər keçirilirdi. O dövrdə, həmçinin ulu öndər Heydər Əliyev bu konsertlərdə iştirak edirdi. Görülən işləri yüksək qiymətləndirərək insanların musiqi zövqünün artması üçün dövlət xadimlərini özüylə bu konsertlərə gətirirdi. Bu konsertlərdə klassik rus, Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənirdi. Soltan müəllim gənc azərbaycanlı bəstəkarların  da ifasına əhəmiyyət verirdi. Repertuara o əsərlərdən birini daxil etdirirdi. Bu da biz musiqişünaslar üçün təcrübə meydanı idi. O əsərlərə qulaq asaraq öz fikrimizi formalaşdırır, musiqi sənətinin incəliklərinə dərindən yiyələnirdik. Biz musiqi əsərləri barədə həm diskussiya aparır, həm də yazırdıq. Şəxsən mənim də  bir musiqişünas kimi formlaşmamda  Soltan Hacıbəyovun danılmaz əməyi olub. Soltan müəllim həm konservatoriyanın 50 illiyini qeyd etdirdi, həm də bu musiqi ocağı barədə kitab buraxdırdı.  

– Soltan Hacıbəyov bəstəkar kimi necə xarakterizə edərdiniz?

– Soltan Hacıbəyovun yaradıcı insan kimi vizit kartı “Karvan”dır. Əslində, bu böyük əsər olmalı idi. Soltan Hacıbəyov Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə “Kəminə və Qazı” operasını yazmalı idi. Lakin əsər sona qədər yazılmamış qaldı. Bu opera əsasında “Karvan” simfonik lövhəsi yarandı. Bəstəkar sonradan bu əsəri yeni redaksiyada da işləmişdir. Ümumiyyətlə, Soltan Hacıbəyov yaradıcılılığı üzərində həssaslıqla çalışırdı. Uğurlu alınmayan əsərləri heç zaman cəmiyyətə təqdim etməzdi. 

Soltan müəllim, həmçinin  “Gülşən” baletinin yaradıcısıdır. Əsər Əli Vəliyevin eyniadlı povestinin motivləri əsasında bəstələnib. “Gülşən” müasir mövzuda yazılan ilk balet əsərimizidir. Təəssüf ki, bu balet unudulub. Bu gün nə göstərilir, nə də barəsində yazılır. Soltan bəy ilk uşaq operamızın da yaradıcısıdır. O, Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında “İsgəndər və çoban” əsərini bəstələyib.  

– Bəstəkarın yaradıcılığının tədqiqi nə yerdədir? 

– Soltan müəllimin oğlu İsmayıl Hacıbəyov da görkəmli bəstəkarımız idi. Bu gün İsmayıl Hacıbəyovun həyat yoldaşı Ülviyyə xanım onun yaradıcılığını təd­qiq edir. O, hər iki bəstəkarın arxivi ilə məşğuldur. Bu gün Soltan Hacıbəyovun fortepiano  üçün yazdığı notlar tapılaraq ifa olunmaqdadır. Biz Bəstəkarlar İttifaqında bu notların ifasını təşkil edir, dahi bəstəkarımızın irsinin yaşamasını istəyirik. Ümid edirik ki, Soltan Hacıbəyovun başqa əsərləri də tapıla bilər. 

– Müsahibə üçün çox sağ olun!  

Ceyhun MİRZƏLİ

 

Mədəniyyət