Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib

post-img

Mayın 6-da Azərbaycan Atatürk Mərkəzində Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib.

Tədbir Beynəlxalq Türk Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun tabeliyindəki Türk Dil Qurumu və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

İclasda Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxış edərək rəhbərlik etdiyi qurumun ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını və 25 ilə yaxındır türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsinə və təbliğinə xidmət etdiyini bildirib.

Ortaq türk əlifbasının yaradılması ilə bağlı tədbirin Atatürkün adını daşıyan Mərkəzdə keçirilməsinin təsadüfi olmadığını deyən akademik Nizami Cəfərov Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün 1928-ci ildə ən böyük layihələrdən birini həyata keçirərək Türkiyədə latın əlifbasına keçidi təmin etdiyini söyləyib. 

O, ölkəmizdə latın qrafikasına keçidin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2001-ci ildə Ümummilli lider tərəfindən imzalanmış “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla Azərbaycanda iki əlifbadan istifadəyə birdəfəlik son qoyulub və latın qrafikasına keçid təmin olunub.

Akademik Nizami Cəfərov çıxışının sonunda iclasın mövzusunun ortaq əlifbanın inkişafı istiqamətində atılacaq yeni addımların müzakirəsi olduğunu deyib. Alim yeni dövrün çağırışları nəzərə alınaraq ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlərin zamanın tələbi olduğunu vurğulayıb.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Türk dünyasında hazırda gedən sürətli inteqrasiya proseslərinin bir çox məsələləri, o cümlədən də ortaq əlifbanın yaradılması məsələsini subyektiv şəkildə meydana qoyduğunu bildirib. O, bu baxımdan ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan müzakirələrin dövrün çağırışı olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

AMEA rəhbəri Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində Türk dünyası ilə əməkdaşlığın dövlət siyasətində prioritet olduğunu və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiyini bildirib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, dövlət başçısı çıxışında Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini deyərək bildirib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. 

 

Akademik İsa Həbibbəyli türk xalqlarının latın qrafikası əsasında ortaq əlifbaya keçidi məsələsinin ilk dəfə 98 il bundan əvvəl Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayda müzakirə edildiyini xatırladıb. Bildirib ki, 1926-cı ilin fevral-mart aylarında keçirilən Birinci Türkoloji Qurultayda ərəb əlifbasının sadələşdirilib qəbul edilməsi və vahid qrafit təsvirləri olan latın əlifbasına keçid məsələsi tədbirin əsas müzakirə mövzusu idi. Onun sözlərinə görə, SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı mühüm əhəmiyyət daşıyan bu qurultay türk xalqlarının elmi-mədəni birliyinə üfüqlər açan ictimai hadisə idi.

Türk dünyasında əlifba islahatlarının Azərbaycan xalqının mütəfəkkiri Mirzə Fətəli Axundzadə tərəfindən başladıldığını söyləyən AMEA prezidenti 1879-cu ildə latın qrafikası əsasında əlifba hazırlandığını diqqətə çatdırıb. O, 1924-cü ildə yaradılan Əlifba Komissiyasının bu istiqamətdə müəyyən işlər gördüyünü qeyd edib.

Akademik İsa Həbibbəyli indiki mürəkkəb geosiyasi şəraitdə ortaq əlifbanın yaradılmasının Türk dövlətləri arasında inteqrasiyanın, birlik, həmrəylik və əməkdaşlığın daha da genişlənməsi baxımından vacibliyini vurğulayıb, Türk Dünyası Ortaq Əlifba Komissiyasının işinə bu istiqamətdə uğurlar arzulayıb.

Daha sonra AMEA rəhbəri Xalid Səid Xocayevin XX əsrin 35-37-ci illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin Dilçilik İnstitutu tərəfindən çap olunmuş iki cildini Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevə hədiyyə edib. 

Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev bildirib ki, Türk dünyası üçün son dərəcə zəruri olan ortaq əlifbanın yaradılması məsələsi bütün ziyalıların qarşısında mühüm vəzifə kimi durmaqdadır. Alim vurğulayıb ki, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbasının olmasının müstəsna rolu vardır. O, həmçinin bildirib ki, türk xalqlarının dil yaxınlığının qorunub saxlanması əməkdaşlığın gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Akademik Şahin Mustafayev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə əməkdaşlığa xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsini heç də təsadüfi olmadığını bildirib. Qeyd edib ki, dövlət başçısı Milli Məclisdə and içərkən Türk dünyasının bütövləşməsinə xidmət edən vacib mesajlar verib. “Bizim ailəmiz Türk dünyasıdır”, – deyən Prezident İlham Əliyevin bu fikri bütün Türk dünyasında sevinclə qarşılanıb. 

 

Ötən il Astana şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk dövlətlərinin eyni əlifbaya keçə bilməsi barədə təklif irəli sürdüyünü xatırladan akademik Şahin Mustafayev ortaq türk əlifbası təklifinin TDT-nin katibliyinə təqdim edildiyini bildirib. Əlavə edib ki, Türkiyə Prezidentinin fikrincə, Türk dövlətlərinin eyni əlifbaya keçməsi Türk dövlətlərinin birliyini daha da möhkəmləndirə bilər.

Türk Dünyası Ortaq Əlifba Komissiyasının ilk iclasının ötən il mayın 29-da Astanada keçirildiyini söyləyən Türk Akademiyasının prezidenti tədbirdə bütün türk dilləri üçün eyni dərəcədə uyğun olan əlifbanın ümumi prinsiplərinin işlənib hazırlanması ilə bağlı ciddi müzakirələrin aparıldığını söyləyib. O, ortaq əlifba ilə bağlı fikir mübadiləsinin aparılması, təkliflər əsasında ortaq əlifba üzrə fəaliyyət planının müəyyən edilməsi, eləcə də terminologiya sahəsində həyata keçirilən layihələrin qiymətləndirilməsi baxımından bugünkü iclasın önəmini qeyd edib.

Daha sonra Türk Dil Qurumu rəhbəri professor Osman Mert çıxış edərək Türk dünyasının ortaq əlifbasının yaradılmasını tarixi hadisə kimi dəyərləndirib. Qədim dövrlərdən əcdadlarımızın yüksək yazılı mədəniyyətə malik olduğunu deyən professor Osman Mert Türk dilində danışan ölkələrlə elmi-mədəni əlaqələrin genişləndirilməsi baxımından ortaq əlifbanın yaradılmasının vacibliyini vurğulayıb. Türkiyəli professor bildirib ki, ortaq əlifba mədəniyyətimizin, dilimizin bir-birinə daha da yaxınlaşmasını təmin edəcək. Bu, həm də turizm baxımından çox əhəmiyyətlidir.

İclasda Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov qurumun Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın adından iştirakçıları salamlayıb. O, Türk dövlətlərinin hazırkı əlaqələrini, mövcud münasibətlərini intibahın dirçəlişi kimi qiymətləndirib. Qeyd edib ki, vaxtilə Azərbaycanda latın qrafikasına keçilməsinə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olunub. Hazırda türk dövlətlərinin ortaq əlifbasının yaradılması üzərində iş gedir və Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərə böyük dəstək verir.

Daha sonra tədbir plenar iclaslarla öz işini davam etdirib. 

“Əlifba sahəsində aparılan işlərin və irəliləyişlərin qiymətləndirilməsi”, “Türk dünyasının ortaq əlifbası ilə bağlı fəaliyyət planının müəyyən edilməsi” və “Ortaq terminologiya sahəsində araşdırmaların qiymətləndirilməsi və atılacaq addımlar” adlı sessiya iclaslarında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət