I Türkoloji Qurultay – 100
I Türkoloji Qurultay türk xalqlarının XX əsr elmi-mədəni tarixində nadir hadisələrdəndir. Bu məclis elmi mahiyyəti ilə milli taleyi, akademik məqsədlərilə mədəni məsuliyyəti eyni məkanda birləşdirə bilmişdir. Qurultay təkcə müəyyən zaman kəsiyində keçirilmiş elmi toplantı deyil, türk xalqlarının öz varlığını düşünmək, dərk etmək və gələcəyə daşımaq cəhdinin təşkilatlanmış forması idi. Onun əhəmiyyəti elmin milli yaddaşla, analizin tarixi məsuliyyətlə qovuşduğu nöqtədə meydana çıxır.
Qurultayın keçirildiyi dövr türk xalqları üçün dərin ziddiyyətlər mərhələsi idi. Bir tərəfdən imperiyaların dağılması ilə yaranmış ümidlər, digər tərəfdən, yeni siyasi sistemlərin sərt ideoloji çərçivələri mövcud idi. Belə bir şəraitdə milli varlığın açıq siyasi mübarizə yolu ilə ifadəsi mümkünsüz idi. Məhz bu səbəbdən elm, xüsusilə də dilçilik və tarix elmi, milli düşüncənin ən təhlükəsiz və legitim ifadə vasitəsinə çevrilmişdi.
Qurultayın gündəliyində dayanan dil məsələsi sırf filoloji problem kimi deyil, milli kimliyin əsas dayağı kimi dərk olunurdu. Dil burada ünsiyyət vasitəsi olmaqdan çıxaraq tarixi yaddaşın, mədəni davamlılığın və kollektiv düşüncənin əsas mexanizmi kimi təqdim edilirdi. Türk dilləri arasındakı oxşarlıqların elmi şəkildə sübutu, sistemli təsnifatı və qarşılıqlı əlaqələrinin göstərilməsi təkcə akademik nəticə deyil, həm də türk xalqlarının tarixi-mədəni birliyinin elmi təsdiqi idi.
Əlifba məsələsinin qurultayın işində xüsusi yer tutması təsadüfi deyildi. Latın qrafikasına keçid ideyası türk xalqlarının öz dillərini müasir elmin tələblərinə uyğunlaşdırmaq, savadlanmanı genişləndirmək və qlobal intellektual məkanla əlaqə yaratmaq istəyinin ifadəsi idi.
Türkoloji Qurultayın əhəmiyyəti milli ideyanı romantik səviyyədən çıxarıb rasional-elmi müstəviyə keçirməsində də aydın görünür. Burada millət anlayışı hisslərə deyil, faktlara, müqayisələrə, dil materialına və tarixi mənbələrə əsaslanaraq izah edilirdi. Bu isə milli özünüdərkin daha dayanıqlı, daha davamlı formasını yaradırdı. Çünki elmi əsaslandırılmış ideya–siyasi basqılar qarşısında daha gec sarsılır, daha uzun müddət yaşayır.
Qurultayın keçirildiyi siyasi mühit onun əhəmiyyətini daha da artırır. Milli birlik ideyasının təhlükəli sayıldığı bir dövrdə bu birlik dilçilik, folklor, terminologiya və etnoqrafiya vasitəsilə ifadə olunurdu. Burada Türk dünyasının bütövlüyü şüarlarla deyil, qrammatik quruluşlarla, söz kökləri ilə, mifoloji paralellərlə sübut edilirdi. Bu isə ideyanın həm dərinliyini, həm də intellektual incəliyini göstərirdi.
Sonrakı illərdə qurultay iştirakçılarına qarşı aparılan repressiyalar hadisənin təsir gücünü azaltmadı. Əksinə, Türkoloji Qurultay zaman keçdikcə, yalnız elmi hadisə deyil, həm də düşüncə cəsarətinin, intellektual müqavimətin simvolu kimi qəbul olunmağa başladı. Onun ideyaları uzun müddət açıq şəkildə səsləndirilməsə də, milli yaddaşda yaşadı və müstəqillik dövründə yenidən aktuallıq qazandı.
Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli və “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli sərəncamları bu tarixi hadisənin müasir siyasətdəki davamlı əhəmiyyətinin təsdiqi, elmi və ideoloji xəttin təməl prinsipidir.
XX əsrin elmi-mədəni tarixində mühüm mərhələ sayılan və 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayla bağlı sənəd-informasiya resurslarının araşdırılması türkoloji fikrin təşəkkülü, inkişaf istiqamətləri və elmi irsin sistemli şəkildə öyrənilməsi baxımından xüsusi elmi əhəmiyyət kəsb edir.
100-dən artıq iştirakçının, seçmə alim və mütəfəkkirin əksəriyyətinin həbsi və fiziki məhvi ilə bitən qurultay yaxın tarixin ən böyük ziyalı-alim soyqırımı sənədi, məzmunca kədərli, hüznlü bir tarix, insanlıq dramıdır.
Bu mühüm tarixi hadisənin elmi, siyasi, ictimai tutumunu xarakterizə edən bir sıra informasiya resursları vardır ki, bunların hər birində qurultayın tarixi-funksional mahiyyəti əks etdirilmişdir.
Belə informasiya mənbələrindən biri “1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqram materialları, biblioqrafiya və fotosənədlər)” adlı kitabdır. 2006-cı ildə “Çinar-çap” nəşriyyatında işıq üzü görən nəşrin ruscadan tərcüməsinin, ön söz və şərhlərinin müəllifləri professor Kamil Vəli Nərimanoğlu, elmi işçi Əliheydər Ağakişiyevdir. Kitabda oxuculara qurultayın stenoqramı (rus dilindən tərcümə), biblioqrafiya və fotosənədlər təqdim olunmuşdur. Kitabda ilk olaraq “Birinci Türkoloji Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 noyabr 2005-ci il tarixli Sərəncamı, “1926-cı il I Bakı Türkoloji Qurultayı haqqında söz” adlı ön söz verilmişdir. “Birinci Ümumittifaq Türkoloji Qurultayın stenoqrafik hesabatı” başlığı altında birinci iclasdan başlayaraq 27 fevral–6 mart tarixlərində keçirilmiş 17 iclasda dinlənilmiş 37 məruzənin stenoqramı, müzakirələr, mandat komissiyasının məruzəsi, V.V.Bartoldun rəyi, I Türkoloji Qurultayın qətnamələri, qurultay nümayəndələrinin əlifba üzrə siyahısı, həmçinin “Latın əsaslı yeni türk əlifbası və I Bakı Türkoloji Qurultayı: Biblioqrafiya” adlı yeni bölmə də yer almışdır. Bu mövzuda ilk dəfə çap olunan biblioqrafiyada XIX-XX əsrlərdə yeni əlifba uğrunda mübarizəni əks etdirən materiallar dərc olunmuşdur.
Mövzunun tarixi aktuallığı və əhəmiyyəti nəzərə alınaraq biblioqrafiyada materiallar xronoloji qaydada verilmiş, “Kitablar”, “Dövri mətbuat və məcmuələrdə çap olunan materiallar”, “Köməkçi göstərici” kimi başlıqlar altında Azərbaycan və rus dillərində qruplaşdırılmışdır. Biblioqrafiyada 299 mənbə toplanmışdır.
Kitabın “Foto-sənədlər” bölməsində zəngin tarixi fotomaterialla, qurultayın proqram və bülletenlərinin, eləcə də digər sənədlərinin əks olunduğu rəsmlər yer almışdır (Nərimanoğlu K.V., Ağakişiyev Ə. 1926-cı il Türkoloji Qurultayı. - Bakı, Çinar-çap nəşr., 2006. - 570 s.).
Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 23-25 may 2006-cı il tarixlərində Bakıda keçirilmiş “I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr edilmiş elmi konfrans”ın materialları da qurultay haqqında zəngin informasiya mənbəyidir. Burada I Türkoloji Qurultay və müasir Türk dünyası, ortaq əlifba və dil məsələlərinin Azərbaycan - türk xalqlarının mədəni inkişafında rolu, ədəbiyyat, dil, türk dillərinin orfoqrafiyası, tarix, etnoqrafiya, terminologiya, ümumtürk dili problemi və digər çoxsaylı məsələlər haqqında geniş informasiya tutumuna malik araşdırmalar haqqında məlumatlar toplanmışdır.
10 iyun 2016-cı ildə I Türkoloji Qurultayın 90 illiyi münasibətilə Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: görünən və görünməyən tərəflər” adlı elmi sessiyanın materiallarında toplanmış məqalələr də I Türkoloji Qurultay haqqında geniş informasiya tutumuna malikdir. Burada akademik İsa Həbibbəylinin “Birinci Türkoloji Qurultayın idealları işığında”, Muxtar İmanovun “Birinci Türkoloji Qurultayın görünməyən tərəfləri”, Afaq Xürrəmqızının “I Türkoloji Qurultayda qeyri-türk xalqlarının iştirakı və əlifba məsələsi”, Seyran Qayıbovun “Birinci Türkoloji Qurultayda folklor məsələləri” və digər problemlərin geniş təhlil olunduğu materiallar öz əksini tapmışdır.
28 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkil etdiyi “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün və sabah (problemlər və perspektivlər)” adlı respublika elmi konfransının materialları da qurultayın qarşıda qoyduğu məsələlərə işıq salmaq baxımından dəyərli nəşrdir. Belə ki, birinci bölmə “Birinci Türkoloji Qurultay (1926) – türk xalqlarının inteqrasiyasında yeni mərhələ” adlanır və qurultayın müxtəlif aspektlərini təhlil və tədqiq edən materialları əks etdirir. I Türkoloji Qurultayda ərəb əlifbasından latın əlifbasına keçid, Altay dilləri məsələsi, qurultayın terminologiyanın və orfoqrafiyanın inkişafında rolu və başqa mövzular kifayət qədər informasiya tutumuna malikdir.
I Türkoloji Qurultayın 100 illiyi münasibətilə professor Nadir Məmmədlinin ərsəyə gətirdiyi “1926-cı il – I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabı da qurultay haqqında ən mükəmməl informasiya resursudur. Kitabda “həmin dövrün tarixi konteksti, 100 il keçməsinə baxmayaraq, tədqiq olunmayan arxiv sənədləri və mətbuat materiallarının xronoloji ardıcıllıqla transkripsiyası, seçmə tərcümələri və elmi şərhləri verilir. Nəşrdə qurultayın protokolları, məruzə və çıxış mətnləri, rəsmi teleqramlar, eləcə də müvafiq komissiyaların sənədləri yer alır”.
Giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarət olan nəşrdə qurultayın siyasi və elmi əsasları, əlifba məsələsi, yazı-orfoqrafiya problemi, terminologiya və türk dillərinin ədəbi dili məsələləri, o cümlədən ortaq ədəbi dil, tədris-metodologiya məsələsi, arxiv sənədlərinin xronoloji transkripsiyası, seçmə tərcümələr və şərhlər, eləcə də o dövrün “Yeni yol”, “Bakinski raboçi”, “Kommunist”, “Yeni fikir” kimi o dövrün qəzetlərində qurultayla bağlı məqalələr toplanmışdır.
Müəllif qeyd edir ki, kitabı yazmaqda məqsəd təkcə hadisələrin ardıcıllığını əks etdirmək deyil, eyni zamanda, bunun arxasında dayanan tarixi-siyasi məzmunu, ideoloji istiqamətləri analitik şəkildə açıqlamaqdır.
Kitab qurultayla bağlı bütün nəşrlərdən kəskin şəkildə fərqlənir. Əminliklə demək olar ki, bu nəşr tədqiqatçılar üçün ən dolğun informasiya resursudur.
Bu gün Türkoloji Qurultaya qayıdış nostalji deyil, analitik zərurətdir. Çünki müasir dövrdə türk xalqlarının mədəni və elmi inteqrasiyası, ortaq dəyərlər üzərində əməkdaşlıq ideyası məhz həmin qurultayda qoyulmuş elmi əsaslara söykənir. Qurultay sübut etdi ki, millətin davamlılığı yalnız siyasi güclə deyil, intellektual birliklə, elmi düşüncə ilə təmin olunur.
Beləliklə, Türkoloji Qurultay elmi tədbir olmaqla yanaşı, milli düşüncənin tarixində dönüş nöqtəsi, bu gün də düşünən Türk dünyası üçün canlı ideya mənbəyidir.
Mənbələrin hər birində I Türkoloji Qurultayla bağlı məlumatlar bir-birini təkrarlasa da, onların hər birində qurultayın təşkili, burada qaldırılmış problemlər və qəbul edilmiş qətnamələrə müxtəlif yanaşmalar vardır. Bu yanaşmaların hər biri ortaq türk əlifbası, ədəbiyyatı və türk xalqlarının mədəni inteqrasiyası məsələsində eyni mövqedən çıxış etməkdədir.
Şəhla TAHİRQIZI,
filologiya üzrə fəlsəfə doktoru, dosent

