Sosial xidmətlərdə şəffaflıq, əlçatanlıq və səmərəlilik

post-img

Ötən ilin sonunda Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi yeni rəqəmsal həll olan Sosial Xidmət Xəritəsi hazırlanaraq istifadəyə verib. Şəffaflıq, əlçatanlıq və səmərəliliyin daha da artırılması məqsədi daşıyan bu layihə ölkə üzrə sosial xidmətləri vahid rəqəmsal platformada cəmləyir və onun coğrafi mənzərəsini interaktiv xəritədə əks etdirir.

İstifadəçilər üçün xəritə üzərindən xidmət növləri üzrə axtarış aparmaq, yaşadıqları əraziyə yaxın sosial xidmət müəssisəsi, icra olunan sosial layihələr, eləcə də inklüziv və mədəni tədbirlər barədə ətrafl ı məlumat əldə etmək, həmçinin birbaşa müraciət imkanı yaradılıb. Elektron platforma, eyni zamanda, sosial xidmətlərə ehtiyacı olan həssas əhali qrupları üçün vaxt itkisinin və əlavə müraciət prosedurlarının minimuma endirilməsini təmin edəcək.

Sosial sahədə aparılan islahatların davamı olan Sosial Xidmət Xəritəsi vətəndaş mərkəzli yanaşmanın, rəqəmsallaşmanın və məlumat əsaslı idarəetmənin daha bir nümunəsidir. Sosial Xidmət Xəritəsi və Sosial işin idarə olunması elektron sistemi sosial xidmətlərin koordinasiyasını gücləndirir, qurumlar arasında məlumat mübadiləsini sürətləndirir və xidmətlərin daha operativ göstərilməsinə şərait yaradır. Növbəti mərhələdə xəritənin funksional imkanlarının genişləndirilməsi, yeni xidmət istiqamətlərinin əlavə edilməsi və aidiyyəti qurumlarla inteqrasiyanın genişləndirilməsi nəzərdə tutulub.

Bu barədə söz açan Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri Vüqar Behbudov bildirdi ki, istər indiyədək həyata keçirdiyimiz tədbirlərdə, istərsə də qarşıdakı dövr üçün müəyyən etdiyimiz hədəfl ərdə əsas prioritet xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial xidmətlərlə vaxtında və fasiləsiz şəkildə təmin olunmasıdır. Xidmətlərin daha keyfiyyətli və hər kəs üçün əlçatan olması istiqamətində ardıcıl işlər aparırıq. Bu il də mənzil təminatının davam etdirilməsi, sosial xidmət mərkəzlərinin sayının artırılması, sosial sifariş əsasında icra olunan layihələrin əhatə dairəsinin genişləndirilməsi, eləcə də yeni tərəfdaşlıqların qurulması əsas hədəflər sırasındadır. Bu addımlar həssas əhali qruplarına aid vətəndaşların sosial rifahının yüksəldilməsinə, sosial adaptasiyasına və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edir.

***

Fəal məşğulluq proqramları işsiz və ya işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasını sürətləndirməyə yönəlmiş tədbirlər kompleksidir. Bu proqramlar peşə hazırlığı, özünüməşğulluq layihələri, subsidiyalı iş yerləri, ictimai işlər və sahibkarlığın təşviqi kimi istiqamətləri əhatə edir.

Məşğulluq yalnız iqtisadi göstərici deyil, eyni zamanda, sosial sabitlik, rifah və regionların davamlı inkişafı üçün mühüm amildir. Bu baxımdan dövlət tərəfindən müxtəlif məşğulluq proqramları həyata keçirilir və əhalinin əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradılır.

Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası uğurla davam edir. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 700-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub. Mal və materiallar formasında verilmiş aktivlər hesabına onlardan 545 şəxs kənd təsərrüfatı, digərləri istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurub. Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə bu proqramların tətbiqi əhalinin iqtisadi aktivliyinin artırılmasına və yeni həyat şəraitinə uyğunlaşmasına mühüm töhfə verir. Həyata keçirilən proqramlar regionların iqtisadi potensialının reallaşdırılmasına, əhalinin rifahının yüksəlməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Uzunmüddətli perspektivdə bu tədbirlər azad edilmiş ərazilərin ölkənin iqtisadi həyatına tam inteqrasiyasını təmin edəcək. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən artıq 8673 şəxsin məşğulluğu təmin olunub, 754 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub. 383 sakin isə işəgötürənlərlə birgə təşkil olunan peşə kurslarına cəlb edilib.

Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması müvəqqəti məşğulluq imkanları da yaradır. Yol tikintisi, sosial obyektlərin qurulması, kommunal infrastrukturların bərpası kimi layihələrdə yerli əhalinin iştirakı təmin edilir. Bu proqramlar bir tərəfdən insanların gəlir əldə etməsinə, digər tərəfdən isə regionların inkişaf prosesinə əhalinin birbaşa cəlb olunmasına şərait yaradır.

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və bərpa işləri müxtəlif sahələr üzrə ixtisaslı kadr ehtiyacını artırır. Bu səbəbdən dövlət tərəfindən peşə hazırlığı və ixtisasartırma kursları təşkil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında əməkdaşlıq çərçivəsində növbəti “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” peşəsi üzrə hazrlıq kursuna başlanıb. Kursa 40 nəfər işsiz şəxs cəlb edilib. Müdavimlər üçün ANAMA tərəfindən “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” istiqamətlərində xüsusi təlimlər təşkil olunur.

Təlimlər zamanı iştirakçılara mina təhlükəsi ilə bağlı davranış qaydaları, əməliyyat prosedurları və təhlükəsizlik standartları barədə ətrafl ı məlumat verilir. Müdavimlər texniki standartlar və təhlükəsizlik tələbləri, təhlükənin idarə olunması, ilkin tibbi yardımın əsasları, zərərçəkmişlərin təxliyəsi, eləcə də istehsalat və əməliyyat mühitində texniki təhlükəsizlik qaydaları üzrə nəzəri və praktik biliklər əldə edirlər. Qeyd edək ki, ANAMA ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində indiyədək təşkil olunmuş kurslara ümumilikdə 331 nəfər cəlb olunub.

Uzunmüddətli perspektivdə bu layihələr azad edilmiş ərazilərin ölkənin iqtisadi sisteminə tam inteqrasiyasını təmin edəcək və həmin regionların dayanıqlı inkişafına zəmin yaradacaq.

Mustafa KAMAL
XQ



Sosial həyat