Azərbaycanlı ekspertə beynəlxalq təşkilatda vəzifə verilib

post-img

BMT-nin Asiya və Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun sədri vəzifəsinə Azərbaycan Respublikasının nümayəndəsi seçilib.

Bu günlərdə  BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, iqlim dəyişmələri üzrə nüfuzlu beynəlxalq ekspert, dosent Fuad Hümbətov yekdilliklə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun ilk sədri seçilib. 

Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni təmsil edir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf istiqamətləri üzrə üzv dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafına töhvə verir.  

F.Hümbətov seçkilər nəticəsində ona göstərilmiş etimada görə bütün iştirakçılara, o cümlədən UNESCAP rəhbərliyinə, katibliyinə öz dərin təşəkkürünü bildirərək qeyd edib ki, COP29 kimi nüfuzlu beynəlxalq iqlim konfransının ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının dünyada artan beynəlxalq nüfuzunun bariz göstəricisidir. 

Bundan əlavə, iclas zamanı UNESCAP-ın Ətraf Mühit və İnkişaf Komitəsi tərəfindən irəli sürülmüş Atmosfer Çirklənməsi üzrə Regional Proqram (RAPAP) layihəsi, iqlim baxımdan dayanıqlı şəhərsalma məsələləri, 2025-ci ildə hər bir ölkə tərəfindən iqlim dəyişmələri ilə mübarizə istiqamətində Milli Səviyyədə Müəyyən olunmuş Töhfələr sənədinin yüksək səviyyədə (NDC 3.0) yenilənməsi üzrə birgə fəaliyyətlər, habelə UNESCAP-ın Ətraf Mühit və İnkişaf Komitəsinin 2024-cü ilin oktyabr ayında keçiriləcək 8-ci sessiyasına (CED-8) hazırlıq məsələləri müzakirə olunub. 

Anar ƏLİ

XQ

Ekologiya