Bu günlərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı, Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mahirə Hacıyevanın “Mədəni sərhədlərin qovşağında bədii təfəkkür” adlı kitabının təqdimatı keçirilib. Müəllif bu kitabın nəşrinin Azərbaycanla Pakistan arasında tarixi dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə olduğunu bildirib.
Oxucular hər iki dildə (Azərbaycan və ingilis) çap olunan bu kitabın vasitəsilə Pakistan xalqının qədim və zəngin tarixinə, mədəniyyətinə, ədəbiyyatına və dini toleranlıq ənənələrinə bələd olacaq.
Təqdimat mərasimində çıxış edən və kitabın müqəddiməsində əsərə münasibət bildirən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, kitabda qədim və zəngin tarixə malik Pakistanın tarixi ənənələri, mədəniyyəti, ədəbiyyatı, yerli əhalinin həyatı, cəmiyyətdə mövcud olan dini tolerantlıq ənənələrindən bəhs olunur. Azərbaycan-Pakistan əlaqələrindən danışan alim iki ölkə arasında genişlənməkdə olan əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, Pakistanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, müharibə zamanı Azərbaycana ciddi siyasi dəstək nümayiş etdirdiyini vurğulayıb: “Pakistan Ermənistanı bir dövlət kimi tanımırdı. Artıq işğal dövrü arxada qalsa da, biz tarixi unutmuruq. Buna görə də bu günə kimi Nizami muzeyi pakistanlı qonaqlarını ödənişsiz qəbul edir”.
Akademik Rafael Hüseynov təqdimata toplaşan qonaqları zəngin Azərbaycan ədəbiyyatı ilə tanış olmaq üçün muzeyə dəvət edib.
Hər iki xalqın dostluğunun, birliyinin təcəssümü olan kitab təqdimatı Azərbaycan-Pakistan əlaqələrini dəstəkləyən nümayəndə heyətinin iştirakı ilə keçirilib.
Tədbirdə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Bilal Hayee, Pakistan Milli Assambleyası sədrinin müavini Seyid Qulam Mustafa Şah, Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid, Pakistan–Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının vitse-prezidenti Tariq Hameed və Pakistan İslam Respublikasından “IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda iştiirak etmək üçün Bakıda səfərdə olan nümayəndə heyətinin üzvləri iştirak edib.
Sonda Pakistan xalqının milli rəqsləri və Pakistan İslam Respublikasını əks etdirən “Salam Pakistan” adlı videoçarx nümayiş etdirilib.
Qabil YUSİFOĞLU
XQ