Türkiyə Böyük Millət Məclisinin Qadın - Kişi Fürsət Bərabərliyi Komissiyasının təşkilatçılığı ilə ABŞ-ın Türkevi binasında “Könül birliyindən güc birliyinə: Türk dünyası arasında sahibkarlıq ekosistemi” mövzusunda Türkiyə, Azərbaycan və Şimali Kipr qadın sahibkarlarının da iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadın sahibkarları bir araya gətirən bu platformanı iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, ortaq dəyərlərin və mənəvi birliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Komitə sədri qeyd edib ki, ortaq tarix və mədəni irsə malik olan Türk dünyası ölkələri bu potensialı daha konkret iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf modelinə çevirmək imkanına malikdir. Vurğulayıb ki, qlobal iqtisadiyyat hazırda transformasiya mərhələsini yaşayır və yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, eləcə də innovasiya əsaslı inkişaf modelləri yeni imkanlar yaradır. Bu şəraitdə qadın sahibkarlar inklüziv iqtisadi artımın və rəqabət qabiliyyətinin mühüm strateji amili kimi çıxış edir.
B.Muradova əlavə edib ki, bu yanaşma BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə gender bərabərliyi və layiqli əmək prinsipləri ilə tam uzlaşır: “Beynəlxalq təcrübə göstərir ki, qadınların iqtisadi fəaliyyətə daha geniş cəlb olunması ümumi daxili məhsulun artmasına, məşğulluğun genişlənməsinə və nəticə etibarilə sosial sabitliyin güclənməsinə mühüm təsir göstərir”.
Azərbaycanda da qadın sahibkarlığının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıran sədr, müvafiq sahədə qadınların iqtisadi fəaliyyətə daha fəal qoşulması istiqamətində ardıcıl addımlar atıldığını vurğulayıb. O bildirib ki, Türkiyənin bu sahədə zəngin təcrübəsi mövcuddur və azərbaycanlı sahibkarlar, eləcə də onların birləşdiyi təşkilatlar türkiyəli tərəfdaşlarla sıx əməkdaşlıq edərək bu təcrübədən faydalanırlar. Bildirilib ki, Azərbaycan Qadın Sahibkarlar Birliyi Türk dövlətləri çərçivəsində yaradılmış təşkilatda həmsədr kimi fəaliyyət göstərir və bu müddətdə tərəflər arasında təcrübə mübadiləsi genişlənib.
Ölkədə qadın sahibkarlığının inkişafını dəstəkləyən mühüm mexanizmlərin yaradılması istiqamətində geniş işlər görüldüyünü bildirən sədr, bu ekosistemin formalaşdırılmasının regionlararası inteqrasiyanın güclənməsinə, rəqabət qabiliyyətinin artmasına və iqtisadi bərabərsizliyin azaldılmasına mühüm töhfə verəcəyini də əlavə edib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatı çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünü dəstəklədiklərini bildirib. Qeyd edib ki, təşəbbüs Türk dünyasında qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bildirib ki, yaradılması nəzərdə tutulan şura yalnız siyasi platforma deyil, eyni zamanda vətəndaş cəmiyyəti, elm və incəsənət nümayəndələrinin bir araya gələcəyi geniş əməkdaşlıq platforması olacaq. M.Ö.Göktaş vurğulayıb ki, bu çərçivədə qardaş ölkələrin təcrübə və uğurlu tətbiq nümunələrinin paylaşılması, xüsusilə qadınların potensialının üzə çıxarılması və qarşılıqlı həmrəyliyin gücləndirilməsi nəzərdə tutulur.
Nazir həmçinin Türk dünyasında qadın sahibkarlığının inkişafı, bu sahədə əməkdaşlığın genişləndirilməsi və ortaq sahibkarlıq ekosisteminin gücləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, qadın sahibkarların dəstəklənməsi istiqamətində həyata keçirilən hər bir təşəbbüs gələcəyə qoyulan mühüm investisiya kimi qiymətləndirilir.
Türkiyə və Azərbaycanlı iş qadınları iki ölkənin qadın sahibkarları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş çərçivəsində, həmçinin Türk dünyasında qadın sahibkarlığının inkişafı, bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ortaq sahibkarlıq ekosisteminin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində komitə sədri Bahar Muradova azərbaycanlı qadın sahibkarlarla görüşərək onların fəaliyyəti ilə maraqlanıb və qarşılıqlı fikir mübadiləsi aparıb.
Z.HÜSEYNOVA
XQ




