Xalq yazıçısı Anarın Muğan görüşü

post-img

Görüşü Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsi təşkil ediblər. 

Xalq yazıçısı, AYB-nin sədri Anar öncə Mədəniyyət Nazirliyinin müvafiq tövsiyələri əsasında yaradılan “Hop­hopnamə” Kitab Mərkəzini ziyarət edib, ona Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Sabirabad şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən görüş­də rayon rəsmiləri, yazarlar, mədəniyyət işçiləri, regionda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ziya­lılar, gənclər, müəllim və tələbələr iştirak ediblər. Tədbirin aparıcısı Ağalar Ağam­mədov görkəmli yazıçı və tanınmış icti­mai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra rayon icra hakimiyyəti­nin başçısı Siraqəddin Cabbarov Anarı və qonaqları salamlayaraq, dövlətimizin bədii ədəbiyyata xüsusi önəm verməsin­dən, ədəbiyyatımızın – yazıçı və şairlərin milli şüurun formalaşmasında, mənəvi dəyərlərin təbliğində böyük rolundan da­nışıb və Anar müəllimin bu sahədəki xid­mətinin əvəzsiz olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Yazıçılar Bir­liyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Birliyin mətbuat xid­mətinin rəhbəri Xəyal Rza, yazıçı-dra­maturq Əyyub Qiyas, gənc şair-publisist Nadir Yalçın çıxış edərək, böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anarın Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlərindən söz açıblar. Onun əsərlərinin xalqımızın mənəviyyatının zənginləşməsində, mədəni inkişafında, milli özünüdərkində mühüm rol oynadığı vurğulanıb. Görüşdə, həmçinin “Günlər­dən şeir” layihəsi çərçivəsində yaradıcılıq nümunələri səsləndirilib.

Anarın mərasimdəki çıxışı böyük maraqla dinlənilib. O, keçdiyi həyat yo­lundan, Ulu öndər Heydər Əliyevlə, eyni zamanda, Şuşa şəhəri ilə bağlı xatirələri vərəqləyib, maraqlı məqamlara toxunub. Xalq yazıçısı ədəbiyyat, söz, sənət, mə­dəniyyət haqqında, eləcə də öz əsərləri və yaradıcılığı ilə bağlı sualları əhatəli cavablandırıb. 

Təqdim olunan musiqi proqramı da qonaqların və iştirakçıların zövqünü ox­şayıb. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi məktəb­lərinin müəllim və şagirdlərinin ifasında “Sənə də qalmaz”, “Ala gözlüm”, “Aman ayrılıq”, “Ay Laçın” mahnıları səsləndiri­lib.

Xalq yazıçısı Anar maraqlı müza­kirələrlə yadda qalan görüşə görə təşki­latçılara təşəkkür edib, səslənən xoş fi­kirlərdən məmnunluğunu bildirib. O, eyni zamanda, “Hophopnamə” Kitab Mərkə­zinin yaradılmasının regionda mədəni mühitin canlanması istiqamətində atılan mühüm addım olduğunu da vurğulayıb.

Görüşdən sonra qonaqlar mərhum şair Nisə Bəyimin məzarını ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər. 

XQ

Mədəniyyət